AZ

Almaniya hökuməti pensiya, istilik və daxiliyanma mühərrikli avtomobillər üçün qadağalarla bağlı həll yolları axtarır

Berlin, 27 noyabr, AZƏRTAC

Almaniyada koalisiya hökuməti pensiya islahatı, istilik və 2035-ci ildən daxiliyanma mühərriki ilə işləyən avtomobillərin satışına qadağa qoyulmasına dair mühüm məsələlər üzrə ortaq mövqenin formalaşdırılması istiqamətində danışıqları intensivləşdirib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, koalisiya komitəsinin iclasında Xristian Demokratlar İttifaqının (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyasının (SPD) rəhbərləri bir sıra mübahisəli mövzular üzrə kompromis tapmağa çalışırlar. Avropa İttifaqının qəbul etdiyi qaydalara əsasən, 2035-ci ildən etibarən yeni avtomobillərin karbon emissiyası sıfır olmalıdır ki, bu da praktik olaraq daxiliyanma mühərrikli avtomobillərin satışının dayandırılması deməkdir. Kansler Fridrix Merts bu qaydanın dəyişdirilməsi üçün Avropa Komissiyası ilə danışıqlar aparmaq niyyətində olduğunu, Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının rəhbərliyinə bu barədə məktub yazmaq istəyini ifadə edib. SPD qadağanın ümumi müddətinə sadiq qalsa da, istehsalçılar üçün daha geniş texnoloji seçimlərin mümkünlüyünü istisna etmir. CSU isə qadağanın tam ləğvini tələb edir.

Pensiya paketi üzrə müzakirələr də hökumət üçün əsas çətinliklərdən biri olaraq qalır. CDU-nun gənclər qrupu 2031-ci ilədək 48 faizlik pensiya səviyyəsinə razılıq versə də, bu müddətdən sonrakı dövr üçün əlavə maliyyə yükü ehtimalına görə narahatlığını ifadə edir. Kansler Fridrix Merts və SPD rəhbərliyi mövcud qanun layihəsinə dəyişiklik edilməsinin gündəmdə olmadığını bildiriblər. Gənclər qrupu koalisiya komitəsindən məsələ ilə bağlı əhatəli qərar gözlədiyini vurğulayıb.

Digər mühüm müzakirə mövzusu istiliklə bağlı qanununun yenidən işlənməsidir. Koalisiya bina energetikası haqqında qanunun daha çevik, texnoloji baxımdan açıq və sadələşdirilmiş formada hazırlanmasını planlaşdırır. Əyalətlərin nümayəndələri şurasında (Bundesrat) isə xəstəxanaların maliyyələşdirilməsi ilə bağlı xərclər üçün müəyyənləşdirilən məhdudiyyətlərə etirazlar davam edir. Nəticədə gələn il üçün əlavə sığorta haqlarının müəyyənləşdirilməsi üçün vaxt getdikcə daralır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
34
azertag.az

1Mənbələr