AZ

"Yeni informasiya sistemi kibertəhdidlərə qarşı müdafiəni artırır" - ŞƏRH

"Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzləşdirilmiş informasiya və rəqəmsal analitik sisteminin yaradılması ilə bağlı qəbul edilən qərar milli təhlükəsizliyimizin qorunması baxımından strateji əhəmiyyət daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bu gün sərhədlərimizi, xüsusilə də informasiya sərhədlərimizi təhdid edən əsas risklərdən biri rəqəmsal informasiya sahəsində meydana çıxan təhlükələrdir: "Müasir dövrdə məlumat axınının sürətlə artması, kiberməkanda manipulyasiya imkanlarının genişlənməsi dövlətlərin təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməsini zəruri edir. Məhz bu səbəbdən belə bir sistemin qurulması dövlətin informasiya mühitinə nəzarətini və analitik imkanlarını gücləndirmək baxımından son dərəcə vacibdir.

Hazırda fiziki vətənimiz olduğu kimi, bizim genişlənən və dinamik şəkildə inkişaf edən virtual məkanımız da mövcuddur. Bu məkan düşündüyümüzdən daha genişdir və real sərhədlər qədər ciddi qorunmaya ehtiyac duyur. İnformasiya təhlükəsizliyi milli maraqları, milli düşüncə tərzini, ictimai və siyasi şüuru təhdid edə biləcək amil olduğundan, cəmiyyətin belə təhlükəli mənbələrdən qorunması prioritet məsələ kimi qiymətləndirilməlidir. Rəqəmsal manipulyasiyalar, dezinformasiya və kiberhücumlar kimi təhdidlər artıq ənənəvi təhlükəsizlik anlayışının sərhədlərini çoxdan aşaraq daha çevik və kompleks yanaşma tələb edir.

Düşünürəm ki, Dövlət Təhlükəsizliyi Xidməti bu prosesin öhdəsindən layiqincə gələcək. Çünki bu sahədə artıq müəyyən ənənə formalaşıb və bu ənənənin müasir elektron platformaya transformasiyası milli təhlükəsizlik baxımından vaxtında atılmış mühüm və düşünülmüş bir addımdır. Bu transformasiya həm mövcud imkanların daha səmərəli istifadəsini təmin edir, həm də gələcəkdə yaranacaq yeni təhlükələrə qarşı operativ reaksiya verilməsinə şərait yaradır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
25
sia.az

1Mənbələr