AZ

"Mənə 8000 manat ziyan dəydi!" - "Söz verdilər ki, filmi çəkin, pullar köçəcək"

Azərbaycan Republikasının Kino Agentliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris Film” studiyasının ortaq layihəsi olan tələbə filmlərinin iştirakçıları 6 aydan çoxdur ki, ödənişlərinin köçürülmədiyini bildiriblər.

Kulis.az iştirakçıların məsələ ilə bağlı mövqeyini öyrənib.

Rejissor Mirzahid Ağayev açıqlamasında 8000 manat ziyana düşdüyünü deyib:

"Filmin çəkilişi 25 iyulda bitib. Mən öz variantımı iki gün əvvəl bitirmişəm, ancaq filmin ARKA-ya göndərilən variantı avqustun 17-sitamalanıb və ARKA-nın göndərdiyi prodüser Kamal Müşfiqə təhvil verilib. Proseslər çox ləng gedirdi. Mənə rekvizitləri almaq üçün pul köçürülməli idi. Ancaq köçürülmədi. "Tədris-film" deyirdi ki, sən çək, köçürərik. Mən ARKA ilə danışdım, dedilər ki, biz rekvizitlərin pulunu əvvəlcədən köçürürük. Bəs mənim pulum niyə köçmür? "Tədris-film"lə belə çaxnaşmalar yaşandı. Mənə dedilər ki, sənin filmini ləğv edirik. Bundan əvvəldə bir filmin çəkilişini ləğv etmişdilər. Onun pulu hara getdi, heç o da bilinmir.

Mən rayonda çəkməli idim, çünki orada pavilyonum, rekvizitlərim var. Amma mən bunları ARKA-ya demədim. Çünki onlar pul versə, mən yenilərini alıb çəkəcəyəm. Film ARKA-nın layihəsidir. Ancaq, demək olar ki, öz puluma çəkdim. Mənə 8000 manat ziyan dəydi. Onun bir qəpiyi də qarşılanmayıb. Artıq 5 ay keçib. Ödəniş müqaviləsini görmədik. Orda neçə ay, gün yazıldığını bilmədik. Söz verdilər ki, filmi çəkin, pullar köçəcək. Neçə ay keçib, hələ də pullar köçməyib, xəbər yoxdur. Əsas səbəbi "Tədris-film"in borclarının olması idi. Ləngiyən tərəf onlardır. Ancaq ARKA da pulları köçürmür. Bilirəm ki, onların pul köçürmə prosesi qəlizdir.

Orxan bəylə görüşmüşük. O dedi ki, günah "Tədris-film"dədir. "Tədris-film"in 3000 manat vergi borcu var. Ancaq borc bağlanandan sora pulu köçürəcəyik. Biz də gözlədik, ancaq ARKA-dan cavab gəlmədi. Bundan sonra nə edə bilərəm? 8000 manat xərclədim, üstündən su içib oturub filmimə baxacağam".

Qrim ustası Seda Cəlil isə Agentliyə VÖEN-lə işləməyi təklif edib:

"Tədris-film"in ödənişlə bağlı ARKA ilə arasında problem var idi. O problemin həllini bir ay gözlədik. Deyirdilər ki, problemləri həll etməyə çalışırıq. Üçüncü ayda dedilər ki, ödəniş olunacaq, hesabat verilməlidir, müqavilələr işlənir. Artıq 5 aydan çox vaxt keçib. Bu qədər gözləmişik. Hər dəfə deyirlər ki, göndərəcəyik. Ancaq vəd verirlər. Mən də təklif eləmişdim ki, VÖEN-lə işləyim. Dedilər ki, bizdə belə ştat yoxdur, başqasının adına keçirib, müqaviləsi ilə alıb ödənişinizi edəcəyik. Bir də heç vaxt onlarla işləməyəcəyəm. Çünki çox məsuliyyətsiz, haqqa girən adamlardır".

Rejissor Xəyal Abbasov deyir ki, məsələnin uzanmasında məqsəd onları bezdirməkdir:

3 avqust tarixində çəkiliş bitib və adətən iki ay çəkirdi ödənişlərin olmağı, mənə heç bir dəqiq tarix söz verilməyib. Müqavilədə olan heç bir şərti xatırlamıram. Bəlkə də, məsələnin bu qədər uzanmasının səbəbi hansısa çatışmazlıqlar və qurumdan asılı olmayan səbəblərdir,amma, məncə, əsas məqsəd bizi bezdirmək və məsələni daha da uzadıb hər kəs qarşısında məsələnin ciddiliyinin itirməsini təmin etməkdir.

Orxan bəylə sonuncu dəfə may ayı ərəfələrində şəxsən, sentyabr ayında isə universitetdə keçirilən iclasda danışmışam. Danışıqlar əsasında məlum oldu ki "Tədris Film Studiyası"nın vergi borcu var, pullar ona görə köçmür, borcu ödəməyə studiyanın büdcəsi yox idi və qarışıq vəziyyət yaranmışdı. Daha sonra məsələ ilə maraqlanmadım.

Bundan sonra yalnız və yalnız şəxsi büdcəm və müstəqil prodüserlərin dəstəyi ilə film çəkməyi düşünürəm. Bu məsələ ilə bağlı nə edə bilərəm, bilmirəm, tək istəyim borcların və uşaqların əmək haqqlarının ödənməyidir".

Seçilən
29
kulis.az

1Mənbələr