Rusiya–Ukrayna müharibəsi artıq dörd ilə yaxındır ki, qlobal siyasi gündəmin əsas müəyyənedicilərindən biri olaraq qalır. Cəbhədə baş verən dəyişikliklər və diplomatik kanallar vasitəsilə aparılan təşəbbüslər göstərir ki, tərəflər hələ də kompromis nöqtəsinə yaxınlaşa bilmirlər. Sülh danışıqlarının hər dəfə nəticəsiz qalması həm regionda, həm də qlobal güc mərkəzlərində yeni strateji axtarışlara yol açır. ABŞ və Avropanın fərqli yanaşmalar nümayiş etdirməsi isə beynəlxalq vasitəçilik səylərinin vahid formatda toplanmasını daha da çətinləşdirir. Bütün bunlar münaqişənin nəinki uzanmasına, həm də daha mürəkkəb geosiyasi çalarlar qazanmasına şərait yaradır.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında dörd ilə yaxın davam edən müharibə beynəlxalq vasitəçilərin sülh cəhdlərinə baxmayaraq hələ də dayandırıla bilmir:
“Maraqlı məqam odur ki, hər dəfə sülh prosesi tıxananda tərəflər döyüşləri daha da şiddətləndirirlər. Bu, danışıqlar masasında üstün mövqeyə sahib olmaq üçün göstərilən hərbi təzyiqin bir formasıdır. Son sülh təşəbbüsü ABŞ Prezidenti Donald Trampdan gəldi. Tramp 28 maddəlik sülh planı təqdim etdi, lakin həm Ukrayna, həm də müharibəni öz təhlükəsizlik arxitekturasının əsas elementi kimi görən Avropa ölkələri bu sənədi ‘kapitulyasiya variantı’ kimi qiymətləndirərək 24 maddəlik yeni planla çıxış etdilər. ABŞ və Aİ-nin eyni müharibə üzrə iki fərqli sülh modeli irəli sürməsi Qərbin vahid mövqeyinin olmadığını və geosiyasi maraqların üst-üstə düşmədiyini bir daha göstərdi. Sonradan Tramp administrasiyası sənədi dəyişərək 28 maddədən 19-a endirsə də, bu da tərəfləri ortaq razılığa gətirmək üçün yetərli olmadı”.
Fəqani Məhərrəmli əlavə edib ki, yaranmış həssas situasiyada maraqlı dairələrin müharibənin dayanmasında deyil, əksinə, daha da dərinləşməsində maraqlı olduğu aydın görünür:
“Trampın xüsusi elçisi Stiv Uitkoff ilə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında aparılan telefon danışığının mətbuata sızdırılması göstərir ki, hazırkı şərtlərdə müharibənin dayandırılmasına mane olan, hətta qarşıdurmanın genişlənməsini istəyən qüvvələr mövcuddur”.
//Gülnarə Abasova, Editor.az