AZ

Rəvan Səmədli: Aqrar Sığorta Fondu tərəfindən təsərrüfatçılara indiyədək 20 milyon manata yaxın ödəniş edilib

Xaçmaz, 27 noyabr, Elxan Yusifli, AZƏRTAC

Bu vaxta kimi Aqrar Sığorta Fondu tərəfindən təsərrüfatlara dəymiş zərərlə bağlı 20 milyon manata yaxın ödəniş olunub. Hazırda isə 2025-ci ilin zərər ödənişləri tənzimlənmə mərhələsindədir və ödənişlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu media nümayəndələrinə müsahibəsində Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.

Rəvan Səmədli bildirib ki, ödənişlər yalnız meyvə bağlarını əhatə etmir: “Aqrar Sığorta Fondu tərəfindən 41 növ bitkinin sığortalanması həyata keçirilir. Bura meyvə bağları, arpa, buğda, dənli və tərəvəz bitkiləri və sair aiddir. Meyvə bağları üzrə ən böyük ödəniş - 712 min manat Xaçmaz rayonundakı nektarin bağına görə ödənilib”.

O qeyd edib ki, son illər aqrar sığortaya maraq çoxalıb. 2023-cü illə müqayisədə 2024-cü ildə bağlanmış sığorta müqavilələrinin sayı 21 faizə yaxın artıb.

"Fermerlərin aqrar sığorta ilə bağlı müraciətlərinin sayının artdığını görürük. Əvvəllər daha çox dənli bitkilər üzrə sığorta müqaviləsi bağlanırdı. Son illərdə isə meyvə bağları üzrə müraciətlərin artdığını müşahidə edirik. Fermerlər təsərrüfatlarını sığortalamaqla öz gəlirlərini təminat altına alırlar. Təsərrüfat üçün fermerin ödəməli olduğu sığorta haqqının 50 faizi dövlət dəstəyi ilə ödənilir. Məsələn, Xaçmaz rayonu üzrə 1 hektar taxıl sahəsinin minimum sığorta haqqı 13 manatdır. Bunun 6 manat 50 qəpiyini fermer ödəyir. Qalan hissə isə dövlət dəstəyi ilə ödənilir”, - deyə Rəvan Səmədli bildirib.

Seçilən
76
1
azertag.az

2Mənbələr