AZ

Turizmdə SOS siqnalı: Azərbaycana gələnlər azalır, qiymətlər isə artır - səbəb nədir?

Bu ilin ilk 10 ayında Azərbaycana Avropa İttifaqından gələn turistlərin sayı 7,9 faiz artıb, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz, MDB dövlətlərindən gələnlərin sayı isə 8,2 faiz azalıb. Bütövlükdə, həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 2 milyon 171 min nəfər olub. Gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub.

İqtisadçı deputat Vüqar Bayramovun fikrincə, ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. “Avropadan gələnlərin sayının artması isə köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur", deyə deputat qeyd edib.

Məlum olduğu kimi, ölkəmizdə fəaliyyət göstərən istirahət mərkəzlərinin qiymətləri çox vaxt xarici ölkələrdəki analoji turizm obyektlərindən heç də geri qalmır. Hətta bəzi hallarda onların üstələdiyini də açıq şəkildə görmək olur. Xüsusilə mövsüm günlərində, istirahət mövsümünün pik vaxtlarında və milli bayramlarda qiymətlər elə səviyyəyə qalxır ki, həmin məbləğə vətəndaşın Türkiyəyə, Gürcüstana, BƏƏ-yə və ya Avropanın müəyyən şəhərlərinə səfər edib rahat şəkildə dincəlməsi daha sərfəli görünür. Bu isə haqlı olaraq tənqidə, narazılığa və müzakirələrə səbəb olur.

Bəs turizm mütəxəssisləri necə düşünür - ölkəmizə gələn turistlərin sayında azalmanın əsas səbəbləri hansılardır? Niyə hələ də ölkədə turizm bölgələrində qiymətlər həddən artıq bahadır?

Mövzu ilə bağlı turizm mütəxəssisi Ceyhun Aşurov Musavat.com-a danışıb. Mütəxəssis ölkəyə gələn turistlərin sayında daha dərin azalma olduğunu qeyd edib:

1527275.jpg

“Bəli, ümumi azalma var və hətta rəsmi statistika da ümumilikdə turist axınında təxminən 2 faiz azalmanı qeyd edir. Lakin real vəziyyət göstərir ki, azalma daha dərindir: xüsusilə onlayn satış portallarında bu rəqəm 30 faizə yaxınlaşır. Ümumilikdə, gələnlərin sayında 30 faizə yaxın azalma müşahidə olunur. MDB ölkələrindən, ərəb Körfəzi dövlətlərindən, eləcə də Hindistan və Pakistandan gələn turistlərin sayında nəzərəçarpacaq dərəcədə azalma qeydə alınıb.
İllik dinamikanı təhlil etdikdə, bu azalmanın əsasən regiondakı gərginliklərlə bağlı olduğu görünür. İran-İsrail münasibətlərindəki gərginlik, Hindistan-Pakistan qarşıdurması və bütövlükdə regionda davam edən müxtəlif münaqişələr turizm axınına mənfi təsir göstərir. Bununla belə, fon şəraitində Avropadan gələn turistlərin sayında müəyyən artım müşahidə olunur. Ümumiyyətlə, əvvəllər Avropadan gələnlərin sayı digər bölgələrlə müqayisədə yüksək olmurdu. Lakin son dövrlər siyasi yaxınlaşma, Azərbaycanda keçirilən müxtəlif rəsmi və beynəlxalq tədbirlər fonunda Avropa ölkələrindən gəliş-gedişin artması mümkündür”.

Mütəxəssis qeyd edib ki, ümumi azalmaya təsir edən əsas səbəblər sırasında hava nəqliyyatı biletlərinin bahalığı xüsusi vurğulanmalıdır:

“Azərbaycana uçuşların baha olması ölkənin əlçatanlığına, əcnəbi turistlərin qərarvermə prosesinə ciddi təsir göstərir. Beynəlxalq arenada alternativ istiqamətlərin çoxluğu fonunda biletlərin yüksək qiyməti Azərbaycanı rəqabətdə bir qədər zəif mövqeyə salır. İnsanlar səyahət planlaşdırarkən digər ölkələrlə qiymət müqayisəsi aparır və təbii olaraq daha sərfəli istiqamətləri üstün tuta bilirlər. Bu məsələ fonunda bəzi Avropa ölkələri ilə viza prosedurlarının sadələşdirilməsi və münasibətlərin yaxınlaşması gəliş-gedişə müəyyən müsbət təsir göstərsə də, əsas problem uçuşların bahalığı hələ də turizmin inkişafında ciddi maneə olaraq qalır”.

Ceyhun Aşurov həmçinin ölkədəki turizm məkanlarının baha olması məsələsinə də toxunub:

“O ki qaldı ölkəmizdə turizm məkanlarının qiymətlərinə: biz bu qiymətləri yüksək hesab etsək də, onların öz alıcıları var. Məsələn, Yeni il dövrü üçün iki nəfərlik paketlərin 1500-2000 manat arasında dəyişdiyini görürük. Buna baxmayaraq, həmin tarixə yaxın dövrdə yerlərin dolduğunu, demək olar ki, boş yer qalmadığını müşahidə edirik. Ümumiyyətlə, bölgələrdə təklif azdır. Hətta bu qiymətə xarici ölkələrdə istirahət etmək mümkün olsa belə, daxili bazarda tələbat yenə də yüksək qalır. Müqayisəli yanaşdıqda, daxili bazarda təklifin az olması qiymətlərin qalmasına və buna baxmayaraq öz alıcısını tapmasına səbəb olur. Təklif az olduğundan, tələb qiymətləri formalaşdırır və mövcud qiymətlər, nə qədər yüksək görünsə də, bazarda qarşılığını tapır”.

Xalidə Gəray
Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr