"Ali məktəblərdə tədris olunan fənlərin çoxu, təəssüf ki, əmək bazarının tələblərinə uyğun deyil. Düşünürəm ki, bu, universitetlərin ciddi şəkildə düşünməsi və müvafiq tədbirlər görməsi lazım olan bir problemdir. Azərbaycandakı ali məktəblərdə bu istiqamətdə ciddi problemlər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov bildirib.
Onun sözlərinə görə, təkcə burada tədris olunan fənlərin əmək bazarına uyğun olmaması ilə bağlı kifayət qədər tənqidi fikirlər səsləndirmək mümkündür: "Amma məsələnin mahiyyətində o dayanır ki, fərqli fənlərin tədris edilməsinin istəsək belə, o fənlərin tədris edəcək mütəxəsislər çox azdır və mütəxəsis hazırlığına ehtiyyac var. Ali məktəblərdə dərs deyən şəxslər, müəllimlər özlərini daim təkmilləşdirməlidirlər. Onlar dünyada baş verən trendlərdən xəbərdar olmalı, qlobal elmi proseslərin içində olmalı və universitetlərin tədqiqat imkanları genişləndirilməlidir. Təəssüf ki, hazırda universitetlərimizdə tədris olunan fənlərin çoxu əmək bazarının reallıqlarından geri qalır.
İşəgötürənlər kadr seçimində ciddi çətinliklərlə qarşılaşırlar. Çünki universitetlərin təklif etdiyi fənlər, proqramlar və məzmun çox vaxt real tələblərə uyğun deyil. Tədris köhnə dərsliklər əsasında aparılır. Tədris proqramlarında ciddi problemlər var. Keyfiyyət məsələsi də burada ön plana çıxır.
Digər tərəfdən, universitetlər yalnız nəzəri bilik verməklə kifayətlənir. Halbuki, bu biliklərin praktik tətbiqi də vacibdir. Universitetlərimiz, eyni zamanda, startap yönümlü deyil. Bu da ciddi məsələdir. Universitet-sənaye əməkdaşlığında ciddi uyğunsuzluqlar müşahidə olunur. Universitetlər sənaye ilə daha sıx əməkdaşlıq etməlidirlər.
Startap yönümlü kadr hazırlığı xüsusilə fundamental ixtisaslarda çox vacibdir. Təəssüf ki, universitetlərimizin laboratoriya şəbəkəsi demək olar ki, yox səviyyəsindədir. Halbuki bu, artıq infrastruktur məsələsidir. Universitetlər pullu təhsildən böyük vəsaitlər qazanır, lakin bu vəsaitlərin çoxu cari xərclərə, məsələn, kosmetik təmirə sərf olunur. Xarici görünüş gözəldir, amma daxili məzmun çox vaxt zəifdir.
Oğlum Almaniyada - Berlin Texniki Universitetində təhsil alır. Orada olarkən tam fərqli bir yanaşma ilə qarşılaşdım. Müxtəlif ölkələrin universitet modellərini görmüşəm. Bizim universitetlər isə bu çağırışlardan geri qalır. Nəticədə əmək bazarının tələblərinə cavab verən kadr hazırlana bilmir.
Universitetə insan nə üçün daxil olur? Özünü əmək bazarında reallaşdırmaq, məşğulluğunu təmin etmək, müvafiq ixtisas və bilik əldə etmək üçün. Amma bizdə yanaşma bəzən belə olur: “Universitetə qəbul təkcə iş üçün deyil ki...” Əgər belədirsə, nəyə görə insan ömrünün 4 ilini universitetə həsr edir və nəticədə aldığı diplom əmək bazarına uyğun olmur?
Tələbələrə həm də öyrənmək yollarını öyrətmək lazımdır. Bu isə yoxdur. Standartlar, şablonlar və keyfiyyətsiz təhsil nəticə etibarilə məzunun əmək bazarında yararsız olmasına gətirib çıxarır. Düşünürəm ki, əgər universitetin verdiyi diplom əmək bazarında keçərli deyilsə, bu, universitetin məsuliyyətidir. Niyə indiyə qədər heç kim universiteti məhkəməyə verməyib ki, “mənə verdiyiniz diplom heç bir işə yaramır, mənim 4 ilimi alıbsınız”?
Maraqlı paradoks budur: Azərbaycanda universitetə qəbul olan 1000 nəfərdən 990-ı məzun olur. Xaricdə isə əksinə - qəbul asandır, bitirmək çətindir. Məzun olan hər bir nəfər uğur kimi dəyərləndirilir. Çünki universitet verdiyi diplomun arxasında dayanır, öz nüfuzunu qoruyur. Heç bir universitet öz məzunlarının sonrakı fəaliyyətini izləmir. Nə qədər məzun iş tapa bildi? Məzunlar əmək bazarında necə reallaşır? Bu suallarla maraqlanan yoxdur.
Məsuliyyət hissi olmadığı üçün universitetlər keyfiyyətə nəzarət etmir. Tədris olunan fənlər, dərsliklər, müəllim heyətinə qoyulan tələblər, hamısı yenilənməlidir. Müəllimlər özlərini təkmilləşdirməlidir. Əgər tələblərə cavab vermirlərsə, müqavilələri uzadılmamalıdır. Amma biz belə hallarla rastlaşmırıq.
Sonda görürük ki, gənclər universiteti bitirir, amma aldıqları diplom onlara iş tapmaqda kömək etmir. Əmək bazarı sərtdir, amma universitetlərin də tələbləri sərt olmalıdır. Necə ola bilər ki, sən bir mütəxəssisə dövlət sənədi verirsən, amma o sənəd heç bir işə yaramır? Deməli, ya tədris məzmunu uyğun deyil, ya da qiymətləndirmə formaldır. Məsuliyyət yoxdursa, keyfiyyət də olmayacaq. Universitetlər yalnız “ştampovka” ilə kadr yetişdirməklə kifayətlənməməlidir. Yanaşmalar ciddi olmalıdır. Nəticə olaraq, universitetlərdə tədrisin məzmununda köklü dəyişikliklərə ehtiyac var. Yeni ixtisaslara uyğun kadr hazırlığı, aktual dərsliklər, güclü akademik heyət və real əmək bazarı ilə əlaqəli təhsil sistemi qurulmalıdır.
Universitetlər başa düşməlidir ki, onların verdiyi diplomun keyfiyyəti onların nüfuzunu təyin edir. Təəssüf ki, biz bunu hələ ki görmürük".