Bəzi abituriyentlər hazırlıq zamanı diqqəti daha çox buraxılış imtahanına yönəldirlər. Bunun səbəblərindən biri də buraxılış imtahanında səhvlərin doğrularını aparmamasıdır. Bu səbəbdən onlar hazırlığın böyük hissəsini buraxılışa, az hissəsini isə qəbul imtahanına ayırırlar.
Bəs, abituriyentlərin imtahana hazırlıq strategiyası necə olmalıdır?
AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev danışıb
O, qeyd edib ki, şagirdlər daha çox buraxılış imtahanına yönəlirlər, çünki onun ikinci cəhdi yoxdur:
"Burada iki istiqamətdən düşünmək lazımdır: Birincisi, yaxşı oxuyan şagirdlər; ikincisi isə ümumiyyətlə ali məktəblərə qəbul olmaq istəyənlər. İlk olaraq demək istəyirəm ki, niyə buraxılış imtahanına daha çox köklənirlər? Çünki buraxılış imtahanı bir dəfə keçirilir və birinci keçirilən imtahandır. Buna görə də şagirdlər daha çox buraxılış imtahanına yönəlirlər, çünki onun ikinci cəhdi yoxdur.
Eyni zamanda elə şagirdlər var ki, onlar üçün bu bal kifayət edir ki, ali təhsil müəssisəsinə qəbul olunsunlar. Yəni, buraxılışdan 200 bal toplayırlar, ümumi blokdan da 100 bal topladıqları halda, artıq müəyyən universitetlərə qəbul ola bilirlər".
Yüksək bal toplamaq istəyən şagirdlər isə bu strategiyanı seçməlidirlər:
"Onlar hazırlıq prosesində hər iki bloka və buraxılışa eyni zamanda sistemli şəkildə yanaşmalıdırlar. Ola bilər ki, əvvəlcə buraxılışa bir qədər daha çox köklənsinlər ki, oradan maksimum bal toplasınlar. Daha sonra isə qarşıdakı mərhələdə iki şanslı blok imtahanından istifadə edərək yüksək nəticə əldə etməyə çalışsınlar. Bir sözlə, şagirdlərin buraxılışa daha çox diqqət ayırmasının səbəbi onun yalnız bir cəhddən ibarət olması və qəbul prosesində həlledici rola malik olmasıdır.
Üstəlik, nəzərə alsaq ki, oxumayan və ya aşağı nəticə göstərən şagirdlərin sayı daha çoxdur, onlar da eyni istiqamətdə buraxılışa daha ciddi şəkildə hazırlaşırlar. Əlavə olaraq, birinci cəhd blok imtahanına girib nəticəyə baxırlar. Nəticə kifayət etməsə, bundan sonra daha intensiv hazırlaşıb ikinci cəhdə daxil olurlar".