AZ

Uğur böcəkləri evləri basdı, yayılma sürəti ciddi təhlükədir

ain.az, Sherg.az saytına istinadən bildirir.

“Havanın soyuması ilə evlərə dolurlar, dərmanlama həll yolu ola bilməz”

Barmağınıza bir uğur böcəyi qonduğunu xəyal edin… Çoxumuz bunu “uğur” hesab edərik və bir az da qalmasını istərik. Lakin ABŞ-da ortaya çıxan bu uğur böcəyi növü bildiklərimizdən tamamilə fərqlidir. İnsanı dişləyir, hücum edir, girdiyi sahəni tamamilə işğal edir, hətta bəzən yamyamlıq davranışları belə göstərir. Bir vaxtlar zərərvericilərlə mübarizə üçün bilərəkdən təbiətə buraxılan bu canlılar indi tam nəzarətdən çıxıb. Bəs mütəxəssislər bu istilacı uğur böcəkləri barədə hansı xəbərdarlıqları edir?

Sherg.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zərərsiz yerli uğur böcəkləri ilə asanlıqla qarışdırılan bu istilacı növ ABŞ-da minlərlə fərddən ibarət sürülər halında evləri basır və içəridəki insanlara belə hücum edə bilir. Rəsmilər Asiya uğur böcəklərinin xüsusilə payız və qış aylarında aqressivləşdiyini, insanlara yönəldiyini və ev əşyalarına ziyan vurduğunu bildirərək ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edir.

Hətta bəzi bölgələrdə evlərin içində və xaricində işıq mənbələri ətrafında toplanan Asiya uğur böcəklərinin sayının 15-20 minə çatdığı qeyd edilir.

Araşdırmaçılara görə, hava soyuduqca bu canlılar daha isti mühit tapmaq üçün evlərə üz tutur. Qapı və pəncərə aralıqlarından evə girə bilən Asiya uğur böcəkləri insanları dişləyərək narahat edir və özlərini qorumaq üçün olduqları mühitə pis qoxulu mayelər yayaraq ətrafı çirkləndirirlər.

Alimlər bildirir ki, bu dövrdə böcəklərin belə davranması normaldır. Onların ifraz etdiyi sarı rəngli, kəskin qoxulu maye insan dərisinə toxunduqda allergik reaksiyalar və sinus problemlərinə səbəb ola bilər.

Tədqiqatçılar əlavə edir ki, bu canlılar təkcə Missisipidə deyil. Problem hazırda əsasən bu ştatda ciddi görünsə də, Asiya uğur böcəkləri demək olar ki, bütün ştatlarda mövcuddur və digər bölgələr üçün də potensial risk yaradır.

Asiya uğur böcəklərinin 2000-ci illərin əvvəllərində ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rəsmi olaraq istilacı növ kimi qəbul edildiyi bilinir. Lakin bu canlıların daha öncə ABŞ rəsmiləri tərəfindən bilərəkdən təbiətə buraxıldığı da məlumdur.

ABŞ bu böcəkləri bitkilərə və əkinlərə ziyan vuran yerli zərərvericilərlə mübarizə məqsədilə Çin, Rusiya və Yaponiya kimi ölkələrdən gətirmişdi. 1970-1980-ci illərdə Kaliforniya, Corciya və Pensilvaniya ştatlarında buraxılan bu canlılar əvvəlcə gözlənilən faydanı verdi və zərərverici sayını azaltdı. Lakin zaman keçdikcə “bioloji nəzarət” vasitəsi olaraq istifadə edilən bu növ öz-özünə nəzarətdən çıxaraq təhlükəyə çevrildi.

Qısa müddətdə sürətlə çoxalan Asiya uğur böcəklərinin sayı 1980-ci illərdə minlərlə idi. 1998-ci ildə Luizianada minlərlə fərddən ibarət böyük bir koloniya aşkarlandı.

Mississippi Dövlət Universitetinin mütəxəssislərinə görə, Asiya uğur böcəkləri ilin böyük hissəsində “yaxşı böcəklər” hesab edilsə də, temperatur düşəndə qışı keçirmək üçün sığınacaq axtarır və məhz o zaman gerçək zərərvericilərə çevrilirlər.

Florida Universitetinin araşdırmalarına əsasən, Asiyada bu böcəkləri yeyən yırtıcıların ABŞ-da olmaması səbəbilə onların populyasiyası sürətlə artıb və yerli uğur böcəyi növlərini təhlükə altına salıb.

Asiya uğur böcəkləri adi uğur böcəklərindən daha böyükdür və tədqiqatçılar bu növün digər uğur böcəklərinin yumurtalarını və sürfələrini yeyərək yamyamlıq etdiyindən şübhələnir.

Rəsmilər həm bu növün artması nəticəsində digər növlərin yox olacağından, həm də fermerlərin daha çox kimyəvi dərmanlama etməsinə səbəb olaraq ətraf mühit çirkliliyini artıracağından narahatdır.

Mütəxəssislər evlərdə görünən Asiya uğur böcəklərini dərmanlamağın tam həll yolu olmadığını bildirir. Kimyəvi spreylər istilanın qarşısını tam ala bilmir, əvəzində isə evə hoparaq insan sağlamlığı üçün risk yarada bilər.

Mississippi Dövlət Universitetinin entomoloqu Blek Leyton sosial media açıqlamasında belə deyib:

“Evdə olduqda sizə verə biləcəyim ən yaxşı məsləhət bir süpürgə və faraşdan istifadə etməyinizdir. Daha yaxşısı isə elektrik süpürgəsi ilə onları yığıb çölə çıxarmağınızdır.”

Asiya uğur böcəklərini adi uğur böcəklərindən fərqləndirən ən mühüm xüsusiyyət daha böyük olmalarıdır. Həmçinin bu növ adətən qırmızı deyil, narıncı rəngdə olur. Aralarındakı ən böyük fərq isə insanlarla təmasdakı davranışdır-Asiya uğur böcəkləri insanla qarşılaşdıqda dişləyir və pis qoxulu maye ifraz edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
sherg.az

1Mənbələr