Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Sertifikasiyadan aşağı nəticələri ibtidai sinif müəllimlərinin göstərməsi təsadüf deyil. Bunun bir neçə səbəbi var. Əvvəla, ibtidai sinif müəllimlərinin hazırlıq bazası zəifdir. Onlar çoxşaxəli biliklərə malik olmalıdır, məsələn, Azərbaycan dili, riyaziyyat, metodika və pedagoji biliklər. Sertifikasiyada həm bilik, həm də pedoqoji və psixoloji hazırlıq ölçülür. Bir çox müəllim bütün sahələrdə eyni səviyyədə deyil".Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. O bildirib ki, əvvəllər ibtidai sinif hazırlığı kolleclərdə qısa müddət, adətən iki il tədris olunurdu və keyfiyyət zəif idi:"Universitetlərdə isə ibtidai sinif hazırlığı nisbətən daha keyfiyyətlidir, amma bu da geniş yayılmayıb. İbtidai təhsil üzrə tələbələr metodik dərslərin praktik təcrübəsini əsasən nəzəri şəkildə keçir. Fənm dərslərinin keyfiyyəti qeyri-bərabərdir və universitetlər arasında səviyyə fərqi böyükdür. Nəticədə bazası zəif müəllimlər yetişir. Uzun illər təcrübəsi olan müəllimlər kurs keçmədən dərs deyib, amma sertifikasiyada aktual biliklər tələb olunur. Kurikulumun yeni tələbləri, formativ və summativ qiymətləndirmə, interaktiv metodlar və diferensial tədris bu yeniliklərlə ayaqlaşmayan müəllimlər imtihanda zəif nəticə göstərir. Statistikaya görə, zəif nəticə göstərən müəllimlərin çoxu 40 yaş və üzərindədir".Ekspert deyib ki, ibtidai sinif müəllimləri bir neçə fənni tədris edir və bütün sənədləşmə işləri onların üzərindədir:"Şagirdlərlə fərdi iş də çox tələb olunur. Sertifikasiyaya hazırlaşmaq üçün vaxt və resurs çatışmazlığı da nəticələrə təsir edir. Oxu, yazı, riyaziyyat, məntiq, nitq və sosial bacarıqlar ibtidai sinifin təməlidir. Bu təməl sağlam qoyulmadıqda şagirdlər də çətinlik çəkir və müəllimin zəif tərəfləri daha tez ortaya çıxır. Bir çox ölkələrdə ibtidai müəllimlik ən yüksək bal tələb edən ixtisaslardan biridir. Azərbaycanda isə uzun illər bu sahəyə yüksək tələblər qoyulmayıb və keçid balları aşağı olub. Bu da ümumi keyfiyyətə təsir edib. Nəticədə, ibtidai müəllimlərin sertifikasiyada zəif nəticə göstərməsi sistemli bir problemdir. Uzun illər kolleclər müəllim hazırlayıb, məktəb hazırlığı yüksək olmayıb, davamlı təlim çatışmazlığı olub. Fənnçinin yeni tələblərə uyğunlaşma problemi və fənnlər arası geniş bilik tələbi də rol oynayır. Məktəbdə tədrisin keyfiyyətini yüksəltmək üçün təşkilati iş və təlim vacibdir. İbtidai siniflər əslində ən çətin və məsuliyyətli sahələrdən biridir".Qeyd edək ki, Nazir çıxışında bildirib ki, sertifikasiyada ən aşağı nəticə göstərənlər ibtidai sinif müəllimləridir və bu yaş aralığında şagirdlərin böyük əksəriyyəti materialı mənimsəmirlər.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.