Bakı, 27 noyabr, Aysel Azadqızı, AZƏRTAC
Azərbaycan ali məktəblərinin beynəlxalq reytinqlərdə mövqelərini yaxşılaşdırmaq üçün 2026-cı ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bir sıra məqsədyönlü fəaliyyətlər həyata keçirməyi planlaşdırır.
AZƏRTAC-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirib ki, növbəti il ərzində yerli universitetlərlə mütəmadi məlumatlandırıcı görüşlər keçiriləcək, beynəlxalq reytinq agentliklərinin nümayəndələrinin iştirakı ilə təlimlər təşkil olunacaq, həmçinin sahə üzrə şəbəkələşmə imkanları genişləndiriləcək.
Məlumata görə, reytinq metodologiyalarında yer alan akademik, idarəetmə, institusional inkişaf, elmi tədqiqat, beynəlmiləlləşmə və dayanıqlılıq kimi meyarlar üzrə davamlı təhlillər aparılacaq.