AZ

Xanımı rəsmən, özü isə qismən sufi olan lider: İmran Xan haqqında MARAQLI FAKTLAR

Hazırda həbsdə olan və rəsmən təkzib edilsə də, noyabrın 26-da həbsxanada öldürüldüyü haqda şayiələr dolaşan Pakistan İslam Respublikasının keçmiş baş naziri İmran Xanın sufi təriqətinin vurğunu, onun həyat yoldaşı Buşra Bibinin isə çağdaş dövrün tanınmış sufilərindən biri olduğunu bilirsinizmi?

Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, İmran Xan özü, necə deyərlər, rəsmən sufi deyil. Amma sufizmə böyük rəğbət bəslədiyindən bəzən onun adını da sufi kimi hallandırırlar.

Sünni məzhəbli müsəlman olan İmran Xan islama yanaşmasında, dini dünyagörüşünün formalaşmasında sufi təriqətinin rolunu həmişə qeyd edib.

Müsahibələrində dəfələrlə sufizmdən söz açan İmran Xan gənclik illərindən Pakistanın məşhur sufi şairi Məhəmməd İqbaldan çox təsirləndiyini acıqlayıb. Bildirib ki, islamın batini tərəfləri onu daha çox cəlb edir, dində zahiri ayinləri deyil, batini, mənəvi dərinliyi önəmli sayır. Məhz bu fikirlərinə görə İmran Xan həm də “sufi yönümlü lider” kimi ad çıxarıb.

İmran Xanın sufi təriqəti ilə əlaqələndirilməsində onun həyat yoldaşının Buşra Bibi olması da az rol oynamır.

Buşra Bibi, necə deyərlər, rəsmən sufidir. O, sufi ruhanisi, hətta sufi rəhbərlərdən, yəni mürşidlərdən biri sayılır. İctimaiyyət arasına hicabda, niqabda çıxır. Əsasən ağ hicab geyinir.

Buşra Bibi 13-cü əsrin məşhur sufi mistiki, şair, daha çox Bab Fərid, Şeyx Fərid Şəkərgənc adları ilə tanınan Fəridəddin Məsudun davamçılarının, müridlərinin cəmləşdiyi, şairin dəfn olunduğu Pakpattan şəhərində yerləşən çağdaş sufi ocaqlarından birinin üzvüdür.

Buşra Bibi sufizmin, dini mistikanın, batini islamın qızğın təbliğatçılarındandır.

İmran Xanla Buşra Bibi 2018-ci ildə evləniblər. Buşra Bibi İmran Xanın üçüncü həyat yoldaşıdır. İmran Xanla ailə quranda Buşra Bibi dul olub. İlk ərindən İmran Xanla nikaha girməzdən bir qədər əvvəl boşanıb.

İmran Xan baş nazir postunu Buşra Bibi ilə nikah bağlayandan altı ay sonra tutub.

Pakistanın birinci xanımı olduğu dövrdə Buşra Bibi siyasi işlərə elə də qarışmayıb, yenə əsasən sufi ruhanisi imicində qalıb. Lakin İmran Xan hakimiyyətdən gedəndən, rəsmi ittihamların elan olunmasına, məhkəmə işlərinə start veriləndən sonra Buşra Bibi də etirazların önündə görünüb. Amma bu proseslərdə də o, siyasi yox, daha çox mənəvi lider kimi qəbul olunub.

1952-ci il təvəllüdlü İmran Xan Pakistan hökumətinə 2018-2022-ci illərdə rəhbərlik edib. 2023-cü ilin yayından həbsdədir, 14 il müddətinə azadlıqdan məhrum olunub. Ona qarşı bir sıra ittihamlar irəli sürülüb, əsas ittiham korrupsiya ilə bağlı olub.

1964-cü il təvəllüdlü Buşra Bibi 2024-cü ilin fevralından həbsdədir. Məhkəmə onu İmran Xanla nikaha girərkən iddəyə əməl etməməkdə təqsirli bilib. İddə - boşanan və ya əri ölən qadının təkrar ərə gedə bilməsi üçün şəriətdə gözləməli olduğu vaxta deyilir. Boşanmış qadınlar üçün iddə (gözləmə) müddəti 3 ay, əri ölən qadınlar üçün isə 4 ay 10 gün götürülür.

Buşra Bibi ilə boşanandan 6 ildən də çox vaxt ötəndən sonra, 2023-cü ilin noyabrında onun keçmiş əri Qulam Məhəmməd Maneki bu iddia ilə məhkəməyə müraciət edib. O, İmran Xanı da, Buşra Bibini də iddəyə əməl etməməkdə günahlandırıb. 2024-cü ilin fevralında məhkəmə iddianı təmin edib, Buşra Bibiyə 7 il həbs cəzası kəsib. İmran Xana kəsilən cəzanın müddəti hesablananda da bu ittiham nəzərə alınıb.

Seçilən
21
musavat.com

1Mənbələr