AZ

Trans-Atlantik reys bir notbuka görə pozulub

ABŞ-nin "United Airlines" aviaşirkətinin trans-Atlantik reysi "biznes" sinif sərnişininin notbukuna görə pozulub.

Moderator.az "The Standard"a istinadla xəbər verir ki, hadisə noyabrın 19-da Londondan Vaşinqtona uçan təyyarədə baş verib, lakin bu barədə yalnız indi məlum olub.

Təyyarə havaya qalxandan, təxminən, iki saat sonra "biznes" sinif sərnişinlərindən birinin qadceti oturacaqla divar arasında sıxışıb qalıb. Cihazın yaratdığı təhlükə səbəbindən pilotlar İrlandiyanın Dublin şəhərində planlaşdırılmamış eniş etməli olublar.

Texniki xidmət işçiləri notbuku çıxararaq yoxlayıblar. İçərisində 100 sərnişin və 10 heyət üzvü olan təyyarə uçuşunu davam etdirərək beş saat gecikmə ilə Vaşinqtona çatıb.

Məsələ bundadır ki, notbuklardakı litium-ion akkumulyatorlar təyyarələr üçün təhlükəlidir, çünki zədələnmiş, həddindən artıq qızmış və ya nasaz cihazlar yanğına səbəb ola bilər. Odur ki, trans-Atlantik reyslərdə litium akkumulyatorlu cihazın oturacaqda sıxışıb qalması kimi hallarda marşrutun dəyişdirilməsi və planlaşdırılmamış eniş standart prosedur hesab edilir.

Seçilən
27
1
moderator.az

2Mənbələr