AZ

Vergi Məcəlləsində sahibkarlar üçün - YENİ GÜZƏŞTLƏR

Sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsi Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin prioritet istiqamətlərini təşkil edir.

2026-cı ildən vergi yükünün azaldılması, biznesin təşviqi və xüsusilə kiçik və orta sahibkarlığın stimullaşdırılması məqsədilə gözlənilən dəyişikliklər barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Elnur Yusifov FED.az-a açıqlama verib.

Elnur Yusifov bildirib ki, növbəti ildən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq olunan vergi güzəştlərinin eyni qaydada şamil edilməsi planlaşdırılır. Bu, regionda sahibkarlığın stimullaşdırılmasına ciddi dəstək olacaq.

Eyni zamanda, idarə rəisinin sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı və satışına aid edilən vergi güzəştlərinin (torpaq vergisi istisna olmaqla, bütün digər vergilər üzrə güzəştlər) balıq kürüsünün istehsalı istisna olmaqla, balıqçılığa da aid edilməsi nəzərdə tutulur ki, bu da sahənin inkişafına mühüm töhfə verəcək. Güzəştlərin digər qismi kənd təsərrüfatında istifadə olunan mineral gübrələrlə yanaşı, orqanomineral gübrələrin idxalının və satışının da ƏDV-dən azad ediləcəyi ilə bağlıdır. Bu da aqrar sektor üçün xərclərin azalmasına və məhsuldarlığın artmasına şərait yaradacaq.

İctimai iaşə sektorunda nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə də mühüm vergi üstünlüklərinin tətbiqi gündəmdədir. Belə ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi ƏDV tutulan dövriyyədən çıxılacaq. Bu fəaliyyəti həyata keçirən sadələşdirilmiş vergi ödəyiciləri üçün isə POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə verginin dərəcəsi 8 faizdən 6 faizə endiriləcək.

Elnur Yusifovun sözlərinə görə, növbəti ildən etibarən nağdsız hesablaşmaların genişləndirilməsi məqsədilə ƏDV qeydiyyat həddinin artırılması nəzərdə tutulur. Xüsusilə pərakəndə ticarət və vergi uçotunda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız dövriyyələrə münasibətdə limit 200 min manatdan 400 min manata qaldırılacaq. Bu dəyişiklik biznesi nağdsız əməliyyatlara daha çox yönləndirəcək və “kölgə iqtisadiyyatı” ilə mübarizədə effektiv rol oynayacaq.

Bundan başqa, idarə rəisi bildirib ki, fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi nəzərdə tutulur. Dəyişiklik həm investisiya mühitini yaxşılaşdırmağa, həm də kapital axınının artırılmasına yönəlib.

fed.az

Seçilən
11
vergiler.az

1Mənbələr