AZ

Avropa Komissiyası “Bacarıqlar zəmanəti” adlı yeni proqram təqdim edib

Berlin, 27 noyabr, AZƏRTAC

Avropa Komissiyası işçilərin strateji sahələrdə yeni bacarıqlar əldə etməsini dəstəkləyən “Bacarıqlar zəmanəti” adlı yeni proqramı təqdim edib.

AZƏRTAC Komissiyaya istinadla xəbər verir ki, bu təşəbbüs işçilərin sektoral keçidini asanlaşdırmaq, yeni iş yerləri tapmaq və əlavə bacarıqlar inkişaf etdirmək imkanları yaradacaq. Proqram çərçivəsində ilk mərhələ olaraq 14,5 milyon avro dəyərində pilot layihə həyata keçiriləcək. Pilot layihə avtomobil sənayesi və onun təchizat zəncirində çalışan işçiləri əhatə edəcək və işsiz qalmaq riskini daşıyan şəxslərə yönələcək. Layihə işçilərə peşə təlimləri və yeni bacarıqların öyrədilməsi imkanları təqdim edəcək, eyni zamanda artan tələbat olan sahələrdə şirkətlərin ehtiyac duyduğu işçi qüvvəsini daha sürətli cəlb etməsinə şərait yaradacaq.

Proqram çərçivəsində müxtəlif işdən-işə keçid modelləri sınanacaq və nəticələr gələcək tammiqyaslı “Bacarıqlar Zəmanəti” proqramının formalaşdırılmasına töhfə verəcək. Layihəyə müraciətlər 2026-cı il yanvarın 29-dək qəbul ediləcək. Qrant müqavilələri isə 2026-cı ilin iyununda imzalanacaq. Layihələr 24 ay müddətində, yəni 2028-ci ilin yayına qədər davam edəcək.

Pilot layihə Avropa Sosial Fondu+ (ESF+) çərçivəsində maliyyələşdirilir və şirkətlər, dövlət məşğulluq xidmətləri, sosial tərəfdaşlar, təhsil və təlim təminatçıları ilə birgə həyata keçiriləcək. Üzv ölkələr proqramdan mövcud çoxillik maliyyə çərçivəsinin (2021-2027) qalan illərində də istifadə etməyə dəvət olunurlar.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Seçilən
69
azertag.az

1Mənbələr