BAKI, 28 noyabr. TELEQRAF
Türkiyə Futbol Federasiyasının (TFF) apardığı mərc oyunları ilə bağlı araşdırma ən çox III Lİqa təmsilçisi "Ağrı 1970" klubuna təsir edib.
Teleqraf xəbər verir ki, TFF-nin İntizam Komitəsinin verdiyi qərardan sonra Ağrı şəhər təmsilçisinin cəmi 7 futbolçusu qalıb.
Belə ki, klubun 24 oyunçusundan 17-si mərc qaydalarını pozduğuna görə 45 gündən bir ilədək müddətə futboldanuzaqlaşdırılıb.
| Futbolçular | Cəza müddəti |
| Emre Yaşar, Sedat Yılmaz | Bir il |
| Emir Aydın, Uzeyir Kaya, Hüseyn Aybars Tüfekçi | Altı ay |
| Yusuf Akdeniz, Vedat Boyuğul, Tayfun Çulha, Muhammet Furkan Kılıç, Ömər Ok, Emircan Sönmez, Ertoğrul Usta, Kerem Yaşa | Üç ay |
| Yusuf İslam Atay, Hivan Özkurt, Emre Özsarı, Emirhan Alperen Yılmaz | 45 gün |
Klub nümayəndələri qeyd edirlər ki, bütün pozuntular başqa liqalarda keçirilən matçlara aiddir və oyunçuların əksəriyyəti mərc əməliyyatlarını illər əvvəl, hətta "Ağrı 1970"ə qoşulmadan əvvəl edib.
"Sarı-göylərin" rəhbərliyi TFF-nin arbitraj məhkəməsinə müraciət edib, lakin qərarın komandanın noyabrın 29-da keçirəcəyi növbəti oyununadək qəbul edilməsi ehtimalı azdır.
Vəziyyəti ağırlaşdıran amil odur ki, həvəskar komandalar arasındakı transfer pəncərəsi noyabrın 27-də bağlanılıb. Klub hazırda U19 komandasından və yerli həvəskar klublardan futbolçu cəlb etməyə çalışır.
"Ağrı 1970"nin vitse-prezidenti Tekin Yusan daxili araşdırmadan sonra heç bir futbolçunun mərc fəaliyyəti aşkarlanmadığını bildirərək, federasiyaya qərarlara yenidən baxmağa çağırıb.