Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük mütəfəkkir şair Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən yazıçı-dramaturq İlqar Fəhmi Seyid Əzim Şirvaninin ədəbi irsi, maarifçi fəaliyyəti və XIX əsr Azərbaycan poeziyasında oynadığı mühüm roldan söz açıb.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, yazıçı-publisist Vasif Qurbanzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətini təbliğ etməyin böyük məsuliyyət daşıdığını bildirib. O vurğulayıb ki, tarixən bu istiqamətdə fundamental addımlar atılıb və milli mədəniyyətə sahib çıxmaq, onu dünya ictimaiyyətinə doğru şəkildə təqdim etmək hər birimizin borcudur.
Şairin kötücəsi, Milli Məclisin deputatı Şahin Seyidzadə qeyd edib ki, Seyid Əzim Şirvani xüsusi icazə ilə Şamaxıda məktəb açıb, müəyyən məhdudiyyətlərə baxmayaraq həm Azərbaycan, həm də rus dillərində tədrisin təşkilinə nail olub. Şahin Seyidzadənin sözlərinə görə, Seyid Əzimin şeirlərinin muğamlarda ifa olunması onların daha geniş kütlələr tərəfindən sevilməsinə səbəb olub.
Digər çıxışçılar da Seyid Əzim Şirvaninin zəngin irsindən bəhs ediblər.
Tədbirin bədii hissəsində Əməkdar incəsənət xadimi Aqil Məlikov, xanəndələr Zeynal Əhmədov, Rais Niftəliyev və Elbrus Niftəliyev, həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistləri Nisbət Sədrayeva, Nişanə Baxışova və Rəvan Qaçayev müxtəlif muğam parçaları səsləndiriblər.
Tədbirin poetik hissəsində isə qiraət ustaları Hüseynağa Aslanov, Elşən Qədri və Gülbala Dadaş Seyid Əzim Şirvaninin şeirlərindən parçalar təqdim edərək gecənin ədəbi ovqatını tamamlayıblar.
Sənətkarları səhnədə bir-birindən məharətli musiqiçilər müşayiət edib.