Ukrayna Baş Prokurorluğu hadisəni “soyuqqanlı edam” adlandırıb...
Poliqon xəbər verir ki, Ukrayna Baş Prokurorluğu Zaporoje vilayətinin Qulyaypole istiqamətində baş verən yeni hərbi cinayət faktını açıqlayıb. Məlumata görə, noyabrın 27-si səhər saatlarında Rusiya hərbçiləri əsir götürülmüş, müqavimət göstərmək imkanı olmayan beş ukraynalı hərbi qulluqçunu yerindəcə güllələyib. Ukrayna Baş Prokurorluğu bu hadisəni “soyuqqanlı qətl” kimi qiymətləndirib.
Prokurorluq xatırladıb ki, döyüş əməliyyatları zamanı əsir götürülmüş şəxslərin öldürülməsi Cenevrə konvensiyalarının ən ciddi şəkildə pozulması deməkdir və bu cür hərəkətlər ağır beynəlxalq cinayət hesab olunur. Ukrayna tərəfi bildirir ki, rusiyalı hərbçilərin davranışı beynəlxalq humanitar hüququn fundamental prinsiplərini tapdalayır və müharibə qanunlarına ziddir.
Zaporoje vilayət prokurorluğu faktla bağlı qanun və adətlərin pozulması, yəni qəsdən adam öldürmə maddəsi (Ukrayna Cinayət Məcəlləsinin 438.2-ci maddəsi) üzrə ilkin istintaqa başlayıb. Istintaq çərçivəsində həm hadisənin şəraiti, həm də qətli törədən konkret şəxslərin müəyyən edilməsi, eləcə də əmrin kim tərəfindən verildiyi araşdırılır.
Ukrayna rəsmiləri beynəlxalq tərəfdaşları bu hadisəyə hüquqi qiymət verməyə, eyni zamanda müharibə cinayətlərinin sənədləşdirilməsi və təqibi prosesində Kiyevə dəstək göstərməyə çağırırlar.Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd olunur ki, əsirlərin edamı yeganə hadisə deyil. Rusiya ordusunun işğal olunmuş ərazilərdə oxşar cinayətlərə yol verdiyi barədə kifayət qədər sübutlar mövcuddur.
Hazırda istintaq davam edir və Ukrayna tərəfi bu epizodun da Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediləcək materiallara daxil ediləcəyini bildirir.
Poliqon.info