AZ

Rusiya ilə münasibətlərdə yeni mərhələ - Bakıdan start

Dövlətlərarası əlaqələrin tam normallaşması bundan sonra da Kremlin atacağı addımlardan asılı olacaq...

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksandr Novakla görüşüb. Bildirilib ki, oktyabrın 9-da Düşənbədə iki ölkə lideri -  İlham Əliyev və Vladimir Putin arasında keçirilmiş görüş iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verib. Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.  

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov arasında da görüş keçirilib. Görüş zamanı iki ölkənin dəmir yolu administrasiyaları arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, marşrutların səmərəliliyinin yüksəldilməsi və daşıma proseslərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub, sonda ikitərəfli elektron mübadiləsi haqqında saziş imzalanıb. 

2024-cü ilin dekabrında Azərbaycanın AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında vurulması ilə başlamış gərginlik faktiki Düşənbədə iki liderin görüşünədək davam etdi. Putin həmin görüşdə etiraf etdi ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Azərbaycan təyyarəsini vurub - Bakı məhz bu sözləri uzun müddət gözləyirdi. Bu aylar ərzində xüsusilə diaspor üzərinə təzyiqlər, “Z-blogerlər”in anti-Azərbaycan təbliğatı Rusiya ilə strateji tərəfdaşlığı ciddi şəkildə sarsıtdığını da qeyd etmək lazımdır. Ötən ildən münasibətlərdə açıq şəkildə pisləşmə müşahidə olunsa da, amma iqtisadi əlaqələr kəsilmədi. Rusiya hökumətindəki bəzi məmurlar siyasi gərginliyin davam etdiyi zamanda belə, hətta iqtisadi əlaqələrin kəsilməsi barədə bəzi qızışdırıcı çağırışlara baxmayaraq, hökumətin Azərbaycanla iqtisadi münasibətləri pozmaqda maraqlı olmadığını bəyan ediblər. Bakıda mühüm danışıqlar aparan baş nazirin müavini Aleksandr Novak, eləcə də baş nazirin digər müavini Overçuk kimi məmurlar münasibətləri daha da gərginləşdirənlərdən fərqli olaraq Azərbaycanla iqtisadi əlaqələrin mühümlüyünü anlayırdılar. Bakı-Moskva münasibətlərində tam normallaşma bundan sonra da Rusiyanın atacağı addımlardan asılı olacaq. Azərbaycana qarşı müxtəlif istiqamətlərdə hücumlara və informasiya vasitələrində təxribatçı açıqlamalara yol verilməməlidir.

 Azər Badamov

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, AZAL təyyarəsinin vurulmasından sonra Azərbaycanla Rusiya arasında siyasi münasibətlərdə gərginlik yaşansa da, ölkələrimiz arası iqtisadi əlaqələrdə heç vaxt azalma baş verməyib: “Siyasi münasibətlərdəki dinamikaya diqqət yetirsək görərik ki, 26 noyabrda prezidentlərin Düşənbədə keçirdiyi ikitərəfli görüşdən sonra iki ölkə arasında siyasi və iqtisadi münasibətlər yavaş-yavaş öz axarına qayıdır. Bununla yanaşı bir daha qeyd edə bilərəm ki, AZAL təyyarəsi ilə bağlı məlum hadisələr iqtisadi münasibətlərə mənfi təsir göstərməyib, hətta əksinə, artımlar baş verib. Bu da Azərbaycanın Rusiya üçün vacib iqtisadi tərəfdaş olduğundan irəli gəlir. İki ölkə arasında iqtisadi münasibətlərin səviyyəsi iki ölkə arasında davam edən ticarət dövriyyəsinin dinamikasında özünü göstərir. Belə ki, Azərbaycanla Rusiya arasında ticarət dövrüyyəsi 2024-cü ildə 2023-cü ilə nisbətən 10% artaraq 4,8 milyard dollar olub. 2026-cı ilin 10 ayında isə 4,2 milyard dollara çatmaqla 5,3% artım olub. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən 2024-cü ildə daşınan yüklərin həcmi 6,7% artıb. Amma qarşıda qoyduğumuz hədəflər daha böyükdür. Belə ki, 2028-ci ildə Azərbaycan tərəfdaş ölkələrlə bir yerdə bu marşrut üzrə yükdaşımaları 5 milyon tona, sonra da 15 milyon tona çatdırmağı hədəfləyir. Azərbaycan Rusiyanın həm qonşusu, həm də daşımaların təhlükəsiz həyata keçirilməsi üçün etibarlı və perspektivli tərəfdaşıdır. Bu baxımdan, iki ölkə arasında siyasi münasibətlərin də normaya düşməsi təbii ki, Rusiya üçün vacibdir. O cümlədən Azərbaycanın beynəlxalq siyasəti milli maraqlar üzərində qurulub, qarşılıqlı hörmət və fayda əsasında hərtərəfli münasibətlərin davam etdirilməsinə həmişə açıqdır”.

Sona

 Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva Rusiya tərəfinin Azərbaycan üzr istəmə məsələsini bir daha qabartdı: “Təyyarə qəzasının üzərindən 11 ay keçir. Amma buna baxmayaraq, Rusiya Azərbaycandan hələ də dövlət səviyyəsində, rəsmi şəkildə üzr istəməyib. Prezident Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə üzrxahlığı ilə bağlı məlumatlar mediada işıqlandırılıb, vəssalam. Bundan artıq media resurslarında informasiyaya rast gəlinməyib. Bütün bunlara baxmayaraq, Moskva ilə Bakı arasında iqtisadi əlaqələrdə axşama müşahidə olunmadı. Əksinə, əlaqələr artan inkişaf tempi üzrə getməkdədir. Hətta iki ölkə arasındakı əlaqələrin daha da pisləşməsini istəyən rusiyalı avantürist bürokratlar belə istədiklərinə nail ola bilmədilər”. 

Ekspert dedi ki, iqtisadi əlaqələrin inkişafında hər iki tərəf maraqlıdır: “Buna görə də Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir, daimi təmaslar saxlanılır. Hətta Çində keçirilən ŞƏT Sammiti zamanı tərəflər fəal qarşılıqlı fəaliyyət göstəriblər. Əminliklə söyləmək mümkündür ki, iki ölkə arasında münasibətlər iqtisadi baxımdan planlaşdırıldığı kimi normal inkişaf edir. Digər tərəfdən, Azərbaycanın da daxil olduğu İƏT ölkələri Rusiya ilə qarşılıqlı əlaqələri xeyli gücləndirib. Son bir ildə ümumi dövriyyə 30% artıb. Bu da o deməkdir ki, Azərbaycan və Rusiyanın bir çox təmas nöqtələri və əməkdaşlığın inkişafı üçün əsasları var.  Ötən il ölkələr arasında ticarət dövriyyəsi 10% artaraq, demək olar ki, 4,8 milyard dollar təşkil edib. Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı, həmçinin Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısı (34,6%) olub. Ötən il Rusiya məhsullarının Azərbaycana tədarükü əhəmiyyətli dərəcədə artıb. Yəni 14,5% artaraq 3,621 milyard dollar təşkil edib. Bütün bunlar onu göstərir ki, Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin üstündən hər hansı gərginliklər, siyasi böhranlar belə birdəfəlik xətt çəkə bilməz. Çünki həmin iqtisadi əlaqələrin qurulmasına hər iki ölkə onilliklər sərf edib”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
1
musavat.com

1Mənbələr