BAKI, 28 noyabr. TELEQRAF
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan regional təşəbbüsləri təşviq etmək məqsədilə İsrailə səfər edib. Amma Yerusəlimdə (Qüds) aparılan danışıqlar zamanı iki ölkə arasında münasibətlərə təsir edən fikir ayrılıqları ortaya çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə “Israel National News” məlumat yayıb.
Kostanyan dünən İsraildə olub. Səfərin məqsədi iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmaq imkanlarını araşdırmaq idi. Əsas təşəbbüslərdən biri TRIPP (və ya Zəngəzur dəhlizi) layihəsidir. Layihə Mərkəzi Asiya ölkələrini Azərbaycan və Ermənistan vasitəsilə Avropa ilə birləşdirməyi nəzərdə tutur.
Diplomatik mənbə İsrail və Ermənistan arasında münasibətləri yaxşılaşdırmaq cəhdləri ətrafında mövcud olan gərginliyə diqqət çəkib: “Prezident Tramp bu layihəyə diplomatik dəstək verib və İsrail bunu regional əməkdaşlığı araşdırmaq, həmçinin İranla strateji əlaqələri olan Ermənistanla tədricən yaxınlaşmaq imkanı kimi görür”.
Mənbənin sözlərinə görə, birgə layihələri irəli aparmaq istəyinə baxmayaraq, tərəflərin münasibətlərində bir neçə əsas problem qalır.
“Son illərdə İrəvanda Yəhudi Mərkəzi və sinaqoqa qarşı vandalizm halları ilə bağlı xəbərlər artıb, bunları yandırmaq cəhdləri və təhqiredici davranışlar olub”, - mənbə qeyd edib.
Ermənistan yəhudi icması mənbələrinin bildirdiyinə görə, etiraz aksiyalarının bəzi iştirakçıları öz hərəkətlərini İsrailin Azərbaycana silah satışına qarşı etiraz kimi xarakterizə ediblər.
Digər məsələ Yerusəlimdəki erməni məhəlləsində mülkiyyət mübahisəsidir. Bir neçə il əvvəl şəhərdəki erməni patriarxlığı israilli iş adamı ilə otel tikintisi üçün icarə müqaviləsi bağlasa da, keçən ilin sentyabrında müqavilənin tam dayandırıldığı açıqlanıb. Mübahisə ictimai qarşıdurmaya çevrilib. Hətta, ermənilər İsraili “etnik təmizləmə”də ittiham ediblər, amma bu yersiz ittihamları rədd edilib.
Qeyd olunub ki, regional baxımdan Ermənistanın İranla əlaqələri İsraillə münasibətlərində hələ də mərkəzi yer tutur:
“Coğrafi təcridolunma səbəbindən İrəvan Tehranla enerji, logistika və ticarət sahələrində müntəzəm əməkdaşlıq edir. Xüsusilə “qaz əvəzinə elektrik” sazişi illərdir qüvvədədir və 2030-cu ilə qədər uzadılıb. Bu saziş nəticəsində ikitərəfli ticarət həcmi ildə təxminən 700 milyon dollara çatır və Ermənistan 3 milyard dollarlıq həddi keçməyi planlaşdırır”.
Qərb mənbələri, o cümlədən ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin Nəzarəti İdarəsinin (OFAC) açıqlamaları göstərir ki, İran sanksiyalardan yan keçmək üçün Ermənistandan mallar və avadanlıqların ötürülməsi kanalı kimi istifadə edir. Buna baxmayaraq, Ermənistan hökuməti iki ölkə arasında silah ticarəti barədə məlumatları təkzib edir. Tehrana qarşı həssaslıq İsrail-Ermənistan münasibətlərində mühüm faktor olaraq qalır.
Həmçinin, ABŞ-dəki erməni lobbisi İsrail və Azərbaycan arasındakı təhlükəsizlik əməkdaşlığını tənqid edir. İsrail və Azərbaycan isə bunu strateji münasibətlərə xələl gətirmək cəhdi kimi qiymətləndirirlər. Kostanyan məhz bu fonda İsrailə gəlib. İsrail də iqtisadi və regional layihələrin imkanlarını araşdırmağa maraqlıdır, amma başa düşür ki, irəliləyiş üçün həssas məsələlərin həlli tələb olunur. Məsələn, Ermənistandakı yəhudi icmasının təhlükəsizliyi, Yerusəlimdəki erməni məhəlləsi ətrafındakı mübahisə, İrəvanın İranla münasibətləri və İsrailin beynəlxalq arenada təmsilçiliyi.