Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Həmişə oxuyacaq tar” adlı ədəbi-musiqili gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində musiqişünas alim, Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovun “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabının təqdimatı da olub.
Ədəbi-musiqili gecəni açan muzeyin direktoru akademik Rafael Hüseynov musiqi tariximizin bütün mənzərəsinə nəzər saldıqda ən yüksək mövqedə məhz tarın dayandığını söyləyib, onun “musiqi alətlərimizin şahı” adlanmağa layiq olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan milli musiqi alətləri arasında özünəməxsusluğu ilə fərqlənən Azərbaycan tarı xalqımızda azərbaycançılıq ruhunun aşılanmasında əvəzsiz rol oynayır.
Akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, orta əsrlərdə Qətran Təbrizi, Əssar Təbrizi, Məhəmməd Füzuli, Qövsi Təbrizi və bir çox digər Azərbaycan şairlərinin əsərlərində, eləcə də miniatürlərdə tarın mövcudluğu öz əksini tapıb. Son min ildən artıq müddətdə tara maraq və sevgi heç vaxt soyumayıb, tar musiqi səltənətimizdə fasiləsiz hakimiyyət taxtında qərar tutub.
O, tarın tarixi, Azərbaycan musiqisinin inkişafında rolu və yeri, dahi Üzeyir Hacıbəylinin tar haqqında fikirləri, Azərbaycanın tar ifaçılığı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan insanına daim ən yaxın, ən doğma olmuş tarın qisməti elə xalqımızın taleyinə bənzəyir. Tarixin müxtəlif dönəmlərində xalqın həyatından hansı fərəhlər və acılar keçibsə, xalq ruhunun ifadəçisi olan tarın yalnız səsində, musiqisində deyil, elə vücudunda, varlığında da həmin sarsıntılar və sevinclər nə şəkildəsə əksini tapıb.
Tar haqqında müxtəlif dövrlərdə bir sıra kitab və monoqrafiyaların çap olunduğunu, məqalə və dissertasiyaların yazıldığını söyləyən akademik Rafael Hüseynov ictimaiyyətə təqdim olunan “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabının məziyyətlərindən bəhs edib. Bildirib ki, professor Tariyel Məmmədovun kitabı elmi məzmununa görə bu musiqi alətinə həsr olunmuş əsərlərin ən mükəmməli hesab edilə bilər. Nəşrdə Azərbaycan musiqi mədəniyyətinin inkişafı, dövrün ümumi səciyyəsi verilib. O, kitabda elektron versiyada tar ifaçılarının zəngin irsinin də yer aldığını vurğulayıb.
Akademik Rafael Hüseynov professor Tariyel Məmmədovun musiqi tarixinin araşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən söz açıb, “Azərbaycan musiqi alətlərinin tacı tar” kitabını musiqi irsimizin öyrənilməsi baxımından dəyərli elmi mənbə kimi qiymətləndirib. Bildirib ki, bu kitab Azərbaycan musiqi tarixinin böyük bir salnaməsi, musiqi mədəniyyətimizin mühüm hadisəsidir.
Sonra Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, Xalq artisti Möhlət Müslümov, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə çıxış edərək kitab barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, tar haqqında dolğun məlumatların yer aldığı kitabda musiqi tariximizi əyani sürətdə izləmək mümkündür.
Çıxışlarda Azərbaycan musiqi tarixinin öyrənilməsində bu kimi sanballı nəşrlərin müstəsna rolundan söz açılıb. Bildirilib ki, kitab Azərbaycan mədəniyyət tarixinə dəyərli töhfə olmaqla yanaşı, həm də mühüm praktiki əhəmiyyətə malikdir. Professor Tariyel Məmmədovun çoxillik gərgin fəaliyyətinin, davamlı zəhmətinin bəhrəsi olan əsər gənclər, mədəniyyət və incəsənət tədqiqatçıları üçün dəyərli mənbədir.
Sonda kitabın müəllifi Əməkdar incəsənət xadimi professor Tariyel Məmmədov çıxış edərək əsərin ərsəyə gəlməsindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbir bədii hissə ilə davam etdirilib.
Bədii hissədə Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi Nihad Kamillinin ifasında “Zabul”, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Rövşən Qurbanovun ifasında “Bayatı Şiraz”, Xalq artisti, dosent Malik Mansurovun ifasında “Çoban bayatı” muğamları səsləndirilib. Həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllimi Gənclər Mükafatçısı İbrahim Babayev və Lalə Cəfərova tərəfindən Üzeyir Hacıbəylinin mövzuları əsasında bəstələnmiş “Fantaziya” əsəri ifa edilib.