AZ

Ekoloji cinayətlərə qarşi kompleks mübarizə:Azərbaycanın iqlim dəyişmələri prosesində aparıcı rolu

Ekoloji cinayətlər müasir dövrdə qlobal təhlükəsizlik və davamlı inkişaf üçün ən ciddi təhdidlərdən biri kimi qəbul edilir. Hər il ekoloji cinayətlər dünyada milyardlarla ABŞ dolları dəyərində iqtisadi itkiyə səbəb olur ki, bu da həmin növ cinayətlərin transmilli cinayətkarlıq kateqoriyasına daxil edilməsinə gətirib çıxarır.  

Təbiətə qarşı yönəlmiş qanunsuz fəaliyyətlərdən olan meşələrin qırılması, su və hava çirklənməsi, bioloji müxtəlifliyin məhv edilməsi, tullantıların qeyri-qanuni idarə olunması, qeyri-leqal ovçuluq kimi hallar insanların sağlamlığına, iqtisadi sabitliyə, həmçinin dövlətlərin milli təhlükəsizliyinə birbaşa təsir göstərir. Azərbaycan kimi təbii ehtiyatlara və bioloji müxtəlifliyə malik olan ölkələr üçün bu təhdidlər daha aktualdır. Xüsusilə sənaye tullantılarının idarə edilməsində, su hövzələrinin çirklənməsində və qeyri-qanuni torpaq istifadəsində müşahidə olunan problemlər, ekoloji hüquqpozmaların çox vaxt sistemli xarakter almasına səbəb olur.

Müasir dövrdə ekoloji təhlükəsizlik yalnız ekosistemlərin qorunması ilə məhdudlaşmır, birbaşa dövlətin milli təhlükəsizlik sisteminin tərkib hissəsi kimi qəbul olunur. Ətraf mühitin deqradasiyası iqtisadi sabitliyi, əhalinin sağlamlığını, ərzaq təhlükəsizliyini və regional sabitliyi təhdid edən faktorlardandır. Ekoloji cinayətlərin iqtisadi təsirləri isə çoxşaxəlidir. Meşələrin qeyri-qanuni qırılması, su resurslarının çirklənməsi və torpaq deqradasiyası kənd təsərrüfatı məhsuldarlığının azalmasına, enerji sektorunda isə əlavə xərclərin artmasına gətirib çıxarır. Transsərhəd su resurslarının (məsələn, Kür və Araz çayları) çirklənməsi, qonşu ölkələrdəki sənaye obyektlərinin emissiyaları və sərhədyanı tullantı axıntıları regionda ekoloji riskləri artırır. Bu hallar bəzən “ekoloji münaqişə” elementləri, yəni resurs qıtlığı, su təchizatı və çirklənmə ilə bağlı dövlətlərarası gərginliklər yaradır. Buna görə də ekoloji təhlükəsizlik eyni zamanda regional sabitlik və diplomatik münasibətlər kontekstində də əhəmiyyət kəsb edir.

Ölkəmiz müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi sahəsində də sərbəst siyasət formalaşdırmağa başlamış, ekoloji cinayətlərlə mübarizə hüquqi cəhətdən kifayət qədər geniş normativ baza ilə təmin edilib. Azərbaycanda təbiətin, flora və faunanın qorunması, ətraf mühitin, təbii ehtiyatların, onların mühafizəsi, bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmiş və Azərbaycan Respublikası ekologiyanın çirkləndirilməsinə qarşı dünya ölkələrinin apardığı mübarizədə ön sıralarda olmaqla bu sahədə 21 Beynəlxalq Konvensiyaya qoşulması barədə Qanunlar qəbul etmişdir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.

Belə ki, 1999-cu ildə qəbul edilmiş “Ətraf Mühitin Mühafizəsi haqqında Qanun”, eləcə də Cinayət Məcəlləsinin 244–267-ci maddələri ekoloji hüquq pozuntularını cinayət məsuliyyəti səviyyəsində tənzimləyir. Qeyd edək ki, cinayət məsuliyyəti hüquqi məsuliyyətin ən ağır formasıdır və ətraf mühiti cinayətkar qəsdlərdən qoruma Cinayət Məcəlləsinin əsas vəzifələrindən biri kimi təsbit edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ətraf mühitin qorunmasına mühüm əhəmiyyət verilərək Məcəllənin “Müharibə cinayətləri” fəslinin tərkibində olan 116.0.2-ci maddəsində ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurmanı silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması kimi baxılır.

Azərbaycan üçün bu kontekstdə ən aktual məsələ işğaldan azad olunmuş ərazilərin ekoloji bərpasıdır. 44 günlük Vətən müharibəsindən sonra həmin ərazilərdə mədən tullantıları, meşə yanğınları və su mənbələrinin zəhərlənməsi kimi problemlər aşkarlanıb. Belə ki, Cəbrayıl rayonundakı Karxulu kən­dindəki yaşıllıqlardan əsər-əlamət qal­mayıb, burada yol kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də rayon mərkəzində el arasında “Xan çinarı” ad­landırılan, yaşı 800 ildən çox olan şərq çinarını məhv etmişlər. Bundan başqa, Cəbrayılın çox qiymətli Sirik meşələri da insafsızca­sına talanaraq yandırılıb. Belə halların aradan qaldırılması isə milli təhlükəsizlik və bərpa siyasətinin bir hissəsidir.

Beynəlxalq hüquq uzun müddət ərzində ekoloji cinayət anlayışını yalnız dövlətlərarası münaqişə zamanı baş verən zərər kontekstində qiymətləndirsə də son onilliklərdə bu anlayış sülh dövründə baş verən ekosistem zərərlərinə də aid edilir.  1977-ci il Cenevrə Konvensiyalarının Əlavə Protokolu I-də “müharibə zamanı geniş, uzunmüddətli və ciddi ekoloji zərər” qadağan edildiyi göstərilsə də, son onilliklərdə bu anlayış sülh dövründə baş verən ekosistem zərərlərinə də şamil olunmağa başlanmışdır. 2021-ci ildə Stop Ecocide Foundation və Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən aparılan hüquqi müzakirələr nəticəsində "ekosid"in (ekosistemin qəsdən məhv edilməsi və ya böyük zərər vurulması) beynəlxalq cinayət hüququnun bir hissəsi olaraq qəbul edilməsi müzakirələr arasında idi. Bu, təbii mühitin qorunması və ekologiyanın zədələnməsi ilə bağlı beynəlxalq hüquqi tənzimləmələrin gücləndirilməsini nəzərdə tuturdu.

Stop Ecocide Foundation, bu istiqamətdə uzun müddət davam edən hüquqi təşəbbüslərin aparılmasında mühüm rol oynayıb, 2019-cu ildən başlayaraq, Ekosid cinayətinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) cinayət növlərindən biri kimi tanınmasını məqsəd qoyaraq, müxtəlif dövlətlər və hüquq mütəxəssisləri ilə müzakirələr aparıb.

Bundan başqa ekoloji cinayətlərin sosial-iqtisadi səbəbləri də mühümdür, Belə ki, ekoloji hüquq pozuntuları çox zaman iqtisadi maraqlar, qeyri-rəsmi təsərrüfat fəaliyyəti, nəzarət boşluqları, ictimai məlumat çatışmazlığı və ekoloji mədəniyyətin zəif olması ilə əlaqəlidir və buna görə də effektiv mübarizə üçün yalnız cəza tədbirləri kifayət etmir, əlavə olaraq maarifləndirmə, ictimai nəzarət, açıq nəzarət platformaları və dövlət-özəl əməkdaşlıq sistemləri qurulmalıdır. Texnoloji innovasiyalar – peyk müşahidəsi, dronlarla ekoloji monitorinq, açıq-data platformaları və süni intellekt əsasında risk xəritələrinin yaradılması – bu gün ekoloji cinayətlərin aşkarlanmasında ən güclü vasitələrdən biridir və dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da “Azərkosmos” və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan layihələr göstərir ki, texnologiya hüquq-mühafizə orqanlarının effektivliyini kəskin şəkildə artır, mövcud vəziyyətdə məlumat toplamaq, qanunsuz fəaliyyətləri gecikmədən aşkar etmək və sübut bazası formalaşdırmaq ənənəvi metodlardan daha dəqiq və sürətlidir.

Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal proseslərdə artan rolu həm beynəlxalq hüququn inkişafı, həm də regional ekoloji təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. COP29-un məhz Bakıda keçirilməsi göstərir ki, Azərbaycan təkcə iqlim siyasətinin tərəfdarı deyil, həm də bu sahədə yeni normativ və institusional mexanizmlərin formalaşmasına yön verən aparıcı rol oynayır. Bu amil ölkənin həm milli, həm regional, həm də beynəlxalq səviyyədə hüquqi mövqeyini xeyli gücləndirir. Ölkəmiz 2016-cı ildən etibarən “Paris Sazişi” çərçivəsində iqlim öhdəliklərini qəbul etməklə, 2050-ci ilə kimi xalis sıfır emissiya strategiyasını dövlət siyasətinin əsas prioritetinə çevirmişdir. Bu öhdəlik milli qanunvericilikdə atmosferin mühafizəsi, emissiyaların ölçülməsi və təmiz enerji istehsalının genişləndirilməsi üzrə ardıcıl hüquqi dəyişikliklər tələb edir. Bununla yanaşı, korporativ sektorun məsuliyyətinin artırılması və “yaşıl monitorinq” sisteminin hüquqi mexanizmlərlə gücləndirilməsi iqlim siyasətinin həyata keçirilməsində mühüm rol oynayır.

1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının faiz dərəcəsinin xeyli azaldılmasını hədəfləmiş və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirməkdədir. Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları "Yaşıl enerji" zonası elan etmiş və 2022–2026-cı illər üzrə tədbirlər planı təsdiqləyərək, 2050-ci ilədək bu ərazilərin "Netto sıfır emissiya" zonasına çevrilməsini nəzərdə tutur.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasında, Petersberq İqlim Dialoqunda, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatındakı tədbirdə, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə, 2-ci Şuşa Qlobal Media Forumunda, Beynəlxalq Çernobbio Forumunda və digər mühüm tədbirlərdə çıxışlarında, eləcə də müsahibələrində səsləndirdiyi fikirlərlə COP29 Sədrliyinin arxitekturasını müəyyən etmişdir. Dövlətimizin başçısı İlham Əliyev inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələri ilə bağlı bir-birini ittiham etmək, günahlandırmaq əvəzinə öz imkanları daxilində iqlim problemlərinin həllinə töhfə verməli olduqlarını vurğulayaraq demişdir: “Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var”.

Azərbaycanın iqlim proseslərində aparıcı mövqeyini gücləndirən əsas cəhətlərdən biri ölkənin unikal beynəlxalq hüquqi statusudur. Həm enerji ixrac edən, həm də alternativ enerji istehsalını genişləndirən dövlət kimi iqlim danışıqlarında balanslaşdırıcı təsirə malikdir. Bu xüsusiyyət ölkəyə həm fosil yanacaq enerjisi, həm də yaşıl enerji üzrə qlobal hüquqi çərçivələrin formalaşdırılmasında söz sahibi olmaq imkanı yaradır. Beləliklə, Azərbaycan iqlim diplomatiyasında ikiqat keçid, yəni həm ənənəvi enerjidən mərhələli uzaqlaşma, həm də “yaşıl enerji” ixracına keçid modelini tətbiq edən nadir ölkələrdən biridir.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirən ölkəmiz bütün dövlətləri yaşıl, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırmışdır.

Azərbaycanın iqlim liderliyini gücləndirən əsas mexanizmlərdən biri milli institusional sistemin formalaşdırılmasıdır. Belə ki, yaşıl enerji zonaları üzrə ayrıca hüquqi idarəetmə mexanizmlərinin tətbiqi, beynəlxalq enerji xartiyası öhdəliklərinin icrası və karbon inventarizasiya sisteminin qurulması dövlətin ekoloji idarəçilik potensialını sistemli şəkildə artırır.

Qeyd edək ki, bu il noyabrın 10-21-də Braziliyanın Amazoniya bölgəsində, Belem şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP30) və onun çərçivəsində Kioto Protokolu ilə Paris Sazişinin Tərəflərinin 30-cu sessiyası keçirildi. Bu il COP-un Paris Sazişinin 10-cu ildönümünə təsadüf etməsi də diqqətəlayiq idi. COP30-un əsas məqsədi əvvəlki qərarların icra mexanizmlərini yaratmaq, yəni qlobal səviyyədə fosil yanacaqların istifadəsinə son qoyulması, ədalətli keçid və iqlimə adaptasiya tədbirlərinin izlənməsi üçün konkret sistemlər üzərində işləmək idi. Lakin COP30 özündən əvvəlki sessiya olan COP29 kimi böyük uğurla nəticələnmədi. COP29 iqlim maliyyəsi sahəsində əsas nailiyyət hesab edilən New Collective Quantified Goal (NCQG), yəni iqlim maliyyəsinə dair yeni kollektiv kəmiyyət məqsədinin qəbulunu təmin etmişdi. Bu uğur, COP29-un iqlim ədaləti və qlobal maliyyə öhdəliyələrinin gücləndirilməsi baxımından mühüm dönüş yaratdığını göstərdi.

İqlim ədaləti kontekstində Azərbaycan xüsusi yanaşma nümayiş etdirir. Dövlət tarixi emissiyası aşağı olan ölkələrin inkişaf hüququnu qorumaqla, enerji keçidində sosial hüquqların təmin edilməsini və məcburi köçkünlərin ekoloji bərpa proseslərinə inteqrasiyasını hüquqi əsaslarla təmin edir. Bu, ədalətli keçid modelinin regional nümunəsinə çevrilir.

Azərbaycan bu gün normayaratma prosesində, enerji keçidi modelində, ekoloji təhlükəsizlik sahəsində regional və qlobal liderliyini ardıcıl şəkildə möhkəmləndirir, yaratdığı hüquqi mexanizmlər və institusional çərçivələr yalnız ölkə üçün deyil, həm də region üçün presedent rolu oynayır və iqlim hüququnun formalaşmasında yeni mərhələ açır.

Bütün bu elementləri nəzərə aldıqda aydın görünür ki, ekoloji cinayətlərə qarşı mübarizə yalnız hüquqi deyil, həm də iqtisadi, sosial, texnoloji və strateji səviyyədə qurulmalı olan çoxşaxəli prosesdir və bu sahədə beynəlxalq modellərin Azərbaycan reallığına uyğunlaşdırılması, COP28-COP29 qərarlarının praktik tətbiqi və rəqəmsal nəzarətin gücləndirilməsi ölkənin ekoloji təhlükəsizliyinin təmin olunması baxımından həlledici rol oynayır.

Könül Ələsgərova,
Kiçik ədliyyə müşaviri

Seçilən
9
ikisahil.az

1Mənbələr