Aktau şəhərində TÜRKSOY ölkələrinin mədəniyyət nazirlərinin daimi şurasının 42-ci iclası keçirilib.
AZƏRTAC Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının XII sammitində dövlət başçıları tərəfindən səsləndirilmiş yekun sənədlər və tapşırıqlar müzakirə olunub.
Həmçinin 2026-cı ildə TÜRKSOY təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi üçün işçi qrupunun yaradılması barədə qərar qəbul edilib.
Eyni zamanda, “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin yekunları da təqdim olunub.
Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva çıxışında qeyd edib ki, “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində genişmiqyaslı işlər görülüb.
TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, bu il təşkilat üç mindən çox sənətçinin tədbirlərdə iştirakını təmin edib, yüzlərlə nəşr və rəqəmsal materiallar hazırlayıb.
“Bu il biz həm də tarixi hadisənin şahidi olduq, belə ki, dövlət başçıları TÜRKSOY-un zamanın çağırışlarına uyğun şəkildə gücləndirilməsinin vacibliyini qeyd ediblər və Baş katibliyə bu işə başlamaq barədə tapşırıq verilib. Bu, sadəcə bir qərar deyil, Türk dünyası ölkələrinin mədəni əməkdaşlığının gələcəyini müəyyənləşdirən strateji mərhələdir”, - deyə Baş katib vurğulayıb.
Sonda Aida Balayeva 2026-cı ildə Andican şəhərinə Türk dünyasının mədəniyyət paytaxtı statusu verilməsi ilə əlaqədar TÜRKSOY-un müvəqqəti koordinatoru səlahiyyətlərini özbəkistanlı həmkarı Ozodbek Nazarbekova təhvil verib.
Görüşün sonunda TÜRKSOY-a üzv ölkələrin deklarasiyası qəbul edilib.
Azərbaycanı iclasda Mədəniyyət Nazirliyinin nümayəndəsi, nazir müavini Murad Hüseynov təmsil edib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin qorunması, araşdırılması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub.