Hər gün onlarca tədqiqatçının, araşdırmaçının, adi vətəndaşın belə üz tutduğu ünvanlardan biri də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsidir. Bu idarə müstəqil dövlətimizin tarixi yaddaşını qoruyan, dövlətçilik ənənələrimizin və milli dəyərlərimizin davamlılığını təmin edən strateji əhəmiyyətli qurumlardan biridir.
Burada beynəlxalq aləmdə mühüm dəyərə malik materiallar, tarixin yaddaşına çevrilmiş ictimai-siyasi hadisələri özündə yaşadan qovluqlar xüsusi fondlarda ciddi şəkildə mühafizə olunur.
105 yaşlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin keçdiyi yol və görülən işlər barədə idarənin nəzdindəki Dövlət Səs Yazıları Arxivinin aparıcı arxivçisi Xəyalə Əliyeva bizimlə söhbətində dedi:
- Arxivlərimizdə saxlanılan hər bir sənəd, qovluq xalqın və dövlətin tarixi yaddaşı, mədəni kimliyi, habelə mənəvi irsinin qoruyucusudur. Onlar keçmişi bu günə, bu günü isə gələcəyə bağlayan mühüm elmi və hüquqi mənbələrdir. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi, ictimai-siyasi və mədəni həyatı ilə bağlı sənədlər məhz Milli Arxiv İdarəsində və onun tabeliyindəki dövlət arxivlərində mühafizə olunur, gələcək nəsillərə ötürülməsi üçün etibarlı zəmin yaradılır.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə dövlət idarəçiliyinin əsas prinsipləri formalaşdırılarkən arxiv işinə də xüsusi diqqət yetirilmişdi. 1918-ci ildə Nazirlər Şurası qərar qəbul edərək dövlət idarələrinin sənədlərinin qorunması ilə bağlı tədbirlər planı hazırlamışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa fəaliyyəti səbəbindən mərkəzləşdirilmiş dövlət arxiv sistemi tam şəkildə yaradıla bilmədi. Amma bu dövr arxiv işinə milli dövlət səviyyəsində yanaşmanın başlanğıcı kimi tarixə düşdü.
1920-ci ilin dekabrında Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış "Vahid Dövlət Arxiv Fondunun yaradılması haqqında" və "Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında" dekret respublikada arxiv işinin əsasını qoydu. Bu sənədlə bütün dövlət, ictimai və şəxsi arxivlər vahid dövlət fonduna birləşdirildi. 1922-ci ildə Azərbaycan Mərkəzi Dövlət Arxivi yaradıldı və ölkədə arxiv sənədlərinin toplanması, sistemləşdirilməsi və qorunması istiqamətində işlərə başlanıldı.
Müstəqillik dövründə arxiv işi yeni mərhələyə qədəm qoydu. Bu sahədə əsas hüquqi sənəd 1999-cu il 22 iyun tarixli "Milli Arxiv Fondu haqqında" qanundur. Qanunda arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və dövlət arxivlərinin fəaliyyət qaydaları ətraflı təsbit olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2002-ci il 2 dekabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" qərar qəbul olundu. Bu fərman əsasında arxivlərin idarə olunması və vahid siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradıldı. Hazırda Milli Arxiv İdarəsinə respublika əhəmiyyətli 6 dövlət arxivi, 15 filialı, Naxçıvan Muxtar Respublikasının, habelə 57 rayon və şəhər dövlət arxivləri daxildir. Bu arxivlərdə sənədlərin bərpası, cildlənməsi, qiymətli və nadir sənədlərin sığorta fondunun yaradılması üçün xüsusi laboratoriya fəaliyyət göstərir. Laboratoriyada sənədlərin həm konservasiya (sənədin mövcud halının qorunması), həm də restavrasiyası (zədələnmiş hissələrin bərpası) işləri aparılır.
Son illərdə arxiv işində rəqəmsallaşdırma prosesi sürətlə inkişaf edir. "Elektron arxiv" layihəsi çərçivəsində sənədlərin elektron versiyaları yaradılır və onlayn məlumat bazaları formalaşdırılır, beynəlxalq standartlara uyğun müasir arxiv infrastrukturunun qurulması həyata keçirilir. Bu həm arxivlərin mühafizəsini, həm də vətəndaşların sənədlərə çıxış imkanlarını asanlaşdırır.
Müstəqil Azərbaycanın arxiv xidməti geniş şəbəkəyə malikdir. Arxiv sistemi beynəlxalq arxiv təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan arxivçiləri təcrübə mübadiləsində iştirak edir, beynəlxalq sərgilərdə sənədlər nümayış olunur və milli irsimiz dünyaya tanıdılır.
Azərbaycan Respublikasının arxivi təkcə dövlətin tarixi sənədlərini deyil, həm də ölkəmizdə yaşayan xalqların mədəni, elmi və ictimai həyatına dair dəyərli materialları qoruyur. Arxiv sənədləri əsasında çoxsaylı elmi tədqiqatlar, kitablar və monoqrafiyalar hazırlanır. Bunlar Azərbaycanın dövlətçiliyinin, milli kimliyinin və mədəni irsinin əsas sübutlarındandır. Gənc nəslə tariximizi öyrənmək üçün etibarlı mənbələr təqdim edir. Arxiv sənədlərinin qorunması və rəqəmsallaşdırılması gələcək nəsillərin keçmişi daha dərindən bilməsinə geniş imkanlar yaradır.
Arxiv Fondunun ən qiymətli sənədləri arasında Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) hökumətinin, 1919-cu il Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin sənədləri, Böyük Vətən müharibəsi dövrünə aid materiallar xüsusi yer tutur. Azərbaycan mədəniyyət və elm xadimlərinin şəxsi fondları, XX əsrin sonlarında Qarabağ münaqişəsi ilə bağlı sənədlər və 44 günlük Vətən müharibəsinin materialları qorunub saxlanılır. Sonda qeyd edim ki, əməkdaşlarımız ölkəmizin tarixi yaddaşının gələcək nəsillərə ən etibarlı mənbə kimi çatdırılması üçün işlərinə məsuliyyətlə yanaşırlar.
Rəhman SALMANLI,
"Azərbaycan"