AZ

Azərbaycana cənubdan təhlükə İranla bağlı hazırlıqlar başladı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər İran ətrafında gərginlik yenidən artıb. Belə ki, ABŞ rəsmiləri, o cümlədən Prezident Donald Tramp İrana mümkün zərbələrdən danışır. Paralel olaraq İsrail də vaxtaşırı oxşar siqnallar verir. İranın Azərbaycanla sərhəd ölkə olması, həmçinin bu ölkədə 30 milyondan artıq Azərbaycan türkünün yaşaması fonunda potensial hərbi eskalasiyanın humanitar nəticələri barədə suallar yenidən aktuallaşıb.

Məlumdur ki, Azərbaycan 2020-ci ildən quru sərhədlərini bağlayıb və bunun səbəbi Prezident İlham Əliyev səviyyəsində ictimaiyyətə açıqlanıb. Bu, daha çox milli təhlükəsizliklə bağlı məsələ kimi izah olunur. İrana bu dəfə daha genişmiqyaslı hücum olacağı təqdirdə ölkəmizin kütləvi qaçqın axını ilə üzləşib-üzləşməyəcəyi müzakirə olunmağa başlayıb.

Mövcud sərhəd rejiminə baxmayaraq, Azərbaycan belə bir fəlakətlə üzləşə bilərmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan İran, ABŞ və İsrail arasında gərginlik yaranmasında maraqlı deyil:

“Çünki bu vəziyyət bölgədə təhlükəsizliyin ciddi şəkildə pozulmasına səbəb ola bilər. Məhz buna görə Azərbaycan daim sülh təşəbbüsləri ilə çıxış edir. 12 günlük savaş dövründə də ölkəmiz öz prinsiplərinə sadiq qalaraq münaqişənin diplomatik yollarla həllini dəstəklədiyini göstərdi. Savaşdan sonra İran–ABŞ, eləcə də İran–İsrail münasibətlərində müəyyən səngimə müşahidə olunsa da, ümumi gərginlik aradan qalxmadı. Bunun əsas səbəbi ABŞ-ın İranın nüvə proqramının tam dayandırılması ilə bağlı tələbləridir. Tehran isə bəzi şərtlər daxilində buna hazır olduğunu, eyni zamanda nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edir. Bununla yanaşı, İslam ölkəsində radikal mövqeləri ifadə edən şəxslər də var ki, bu da gərginliyi artırır.

Oqtay Qasımov

Son dövrdə ABŞ rəsmiləri, o cümlədən Tramp İranla bağlı daha sərt açıqlamalar verir. Gərginliyin açıq qarşıdurmaya çevriləcəyi təqdirdə bu, həm İran, həm də İsrail üçün ciddi nəticələr doğura bilər. Əgər Vaşinqton prosesə daha geniş şəkildə qoşularsa, Tehrana qarşı sərt addımların atılacağı istisna edilmir”.

Politoloq qeyd edib ki, hazırkı vəziyyət açıq qarşıdurma halında Güney Azərbaycandan ölkəmizə kütləvi axın ehtimalını azaldır:

“Çünki ABŞ–İran qarşıdurmasının quru əməliyyatları deyil, əsasən hava və raket zərbələri üzərində qurulacağı gözlənilir. Bu tip əməliyyatlarda strateji hədəflər vurulduğundan mülki əhalinin geniş miqyasda təsirlənməsi ehtimalı aşağıdır. Buna görə də Azərbaycana böyük köç dalğasının yaranması real görünmür. Bütün hallarda Azərbaycan humanitar fəlakət yaşanmasını istəmir. Mövcud şərtlər fonunda belə bir ssenarinin baş verməsi də ehtimal olunmur”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr