AZ

Təsadüf olmayan hadisə

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Sumqayıt” səfərdə “Şamaxı”nı məğlub edib (2:1) 5-ci pilləyə yüksəldi.

Ancaq oyunun nəticəsindən çox baş məşqçilərin arasında vəziyyətin əlbəyaxa həddinədək gərginləşməsi diqqət çəkdi.

“Kimyaçılar”ın baş məşqçisi Saşa İliç son dəqiqələrdəki bərabərlik qolunu emosional qeyd etdi, bu da “astroloqlar”ın baş məşqçisi Ayxan Abbasovun xoşuna gəlmədi. Reaksiyalara görüntüdən baxın…

Məsələnin ətrafında rezonans yaradanlar da oldu, “futbol emosiyalar oyunudu, “olan şeydir” deyib reaksiya verənlər də. Ancaq belə məqamları təbii hal kimi qarşılayacaq yaşda/təcrübədə deyilik…

Ayxan Abbasov milli komandanın baş məşqçisidir. Və bunu istəməyənlər az deyil. Artıq Abbasov o qüvvələrə faydalanacağı “görüntüləri” bəxş etmiş oldu.

Kiçik də olsa, detaldır. Lazımi anda, lazımi yerdə göstərib, adi emosional vəziyyətdə “özünü idarə edə bilməyən” kimi təqdim oluna bilər.

Məsələ Ayxan miqyasını aşır. Onu milliyə gətirənlərlə millidə yalnız əcnəbi çalışdırıcının olmasını istəyən qüvvələr arasında passiv gərginliyi “qidalandıran” məqamlardan biri kimi səciyyələndirilə bilər.

İliç sakit təbiətli məşqçidir. Ötən 13 turda bundan daha mühüm qələbələr, daha dramatik qollar olub, heç vaxt belə qol sevinci yaşamamışdı. Əcəba, İliçin Ayxana tərəf şütüyüb qolu bu qədər emosionallıqla qeyd etməsinin səbəbi, mənbəyi nə ola bilər, hmm..?

Abbasovun da, AFFA-nın da bu məsələ haqda dərin düşünməsi lazımdır. Millinin baş məşqçisinə əcnəbi baş məşqçi ilə qalib gəlinir, təxribata çəkilir və qırmızı vərəqə…

Tərəflər matçdan sonra barışsa da, İliçin davranışları daha ağır hüquqi qiymət almalıdır, güman ki, alacaq da, lakin yenə qeyd etməkdə fayda var – bu tip məsələlərə sıradan baxılmamalıdır. “Hamı ilə yaxşı olmaq” siyasəti yürütməkdənsə, ideoloji ayıq-sayıq olmaq lazımdır. Çünki ölkə futbolunun dərin qatlarında yeni idarəçiləri qəbul etməyənlər “n” qədərdir və onların bunlardan fərqi odur ki, təcrübəlidilər, mütəşəkkil və strateji davranırlar.

Məqamı gözləyib həlledici həmlə etməyə hazırlaşan yırtıcı misalı…

Elçin Cəlilov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
futbolpress.az

1Mənbələr