AZ

Özünü saxta polis kimi təqdim edərək dələduzluq edən şəxslərə cəza verildi

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahlar Səfərov və Murad Fərəcovun (hər ikisinin soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə Murad Fərəcov 4 il 6 ay və Şahlar Səfərov isə 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Şahlar Səfərov məhkəmə iclas zalından həbs olunub.


İttihama görə, Şahlar Səfərov tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı, Murad Fərəcovla əvvəlcədən cinayət əlaqəsinə girib. Onlar 2022-ci ildə Muradın idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Xırdalan şəhərindəki “Bank Respublika” filialının yaxınlığına gəliblər. Bankın qarşısında Murad zərərçəkmiş Sabir Siracovla (adı, soyadı şərtidir) görüşərək sonuncunun qardaşı tərəfindən Rusiyadan onun adına göndərilmiş 4 500 ABŞ dollarını (7650 manat ekvivalenti) bankdan alıb özündə saxlayıb. Daha sonra onlar zərərçəkmiş şəxslə birlikdə avtomobilə əyləşiblər. Bu vaxt əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq Şahlar avtomobilə əyləşərək özünü polis əməkdaşı kimi təqdim edib və maşının Abşeron Rayon Polis İdarəsinə sürülməsini tələb edib. Avtomobil idarənin yaxınlığına çatdıqdan sonra Sirac və Muradın maşınından düşməzdən əvvəl zərərçəkmiş şəxs əl çantasını avtomobilin salonunda qoyub. Həmin çantada Siracın 4 500 ABŞ dolları, həmçinin evdən götürərək dəyişmək məqsədilə özü ilə gətirdiyi 13 500 ABŞ dolları (22 950 manat ekvivalenti) olmaqla ümumilikdə 18 000 ABŞ dolları (30 600 manat ekvivalenti) pul vəsaiti olub.
 

İstintaqın gəldiyi nəticəyə görə, təqsirləndirilən şəxslər əvvəlcədən formalaşdırdıqları niyyət əsasında həmin məbləği ələ keçirərək bölüşüb və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurublar.

Kamal Məmmədov 

Tarix: 1 Dekabr 2025, 08:31   
Seçilən
49
pravda.az

1Mənbələr