AZ

“Qrant aldılar, qiyməti artırdılar” - Təhsil ekspertindən narazılıq

Elm və Təhsil Nazirliyinin özəl bağçalar üçün keçirdiyi qrant müsabiqəsinin nəticələrinə əsasən 63 qalib müəssisə müəyyən edilsə də, valideynlər gözlənilən güzəştlərin tətbiq olunmadığını bildirirlər. Sosial şəbəkələrdə narazılıq edən valideynlərin sözlərinə görə, bir ay əvvəl 250–300 manata uşaqları qəbul edən bağçalar qrant qalibi olduqdan sonra ödənişi 550 manata qaldırıblar. Bu artım nəticəsində ailələrin faktiki xərcləri dəyişməz olaraq qalır və ya daha da artır.


Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan təhsil eksperti Kamran Əsədov bildirir ki, qrant qalibi olan özəl bağçaların eyni anda qiymətləri artırması dövlət dəstəyinin bazar davranışına təsirinin düzgün qiymətləndirilmədiyini, mövcud qiymət tənzimlənməsi mexanizmlərinin isə yetərincə işləmədiyini göstərir. Onun sözlərinə görə, qrant elanından dərhal sonra qiymətlərin yüksəlməsi, dövlət subsidiyasının xidmət göstərən müəssisələrin gəlirinə yönəlməsinə, sosial təsirin isə zəifləməsinə səbəb olur.


Ekspertin sözlərinə görə, son iki ildə özəl bağçaların qiymətləri ölkə üzrə orta hesabla 18–25% artıb, halbuki məktəbəqədər yaşlı uşaqların sayında artım müşahidə olunmur. Bu isə o deməkdir ki, qiymət artımı tələbin yüksəlməsindən yox, qrant fonunda yaranan bazar davranışından qaynaqlanır. Əsədov bunu “subsidiyanın qiymətə transferi” adlanan iqtisadi mexanizmlə izah edir.


Hüquqi aspektlərdən danışan ekspert qeyd edir ki, “Təhsil haqqında” Qanun dövlətin məktəbəqədər təhsilin əlçatanlığını genişləndirməsini nəzərdə tutsa da, özəl bağçaların qiymət siyasətini tənzimləyən sabitlik öhdəlikləri mövcud deyil. Qrant alan müəssisələr üçün qiymət artımı limiti, şəffaf audit tələbləri və qiymət dəyişməsinə dair əsaslandırma prosedurları tətbiq olunmadığı üçün bağçalar qrant aldıqları halda belə heç bir qiymət öhdəliyi daşımırlar.


Kamran Əsədov dünya təcrübəsinə də toxunaraq bildirir ki, Sinqapur, Estoniya və Finlandiyada qrant alan özəl bağçalar üçün ciddi qiymət məhdudiyyətləri mövcuddur və hər bir artım dövlət təsdiqi və ya müstəqil audit tələb edir. Bu mexanizmlər sayəsində qrantlar ailələrin yükünü azaltmağa xidmət edir, bazar gəlirliliyinin artmasına yox.


Ekspert hesab edir ki, Azərbaycanda qrant proqramı strateji baxımdan müsbət addımdır və sektorun genişlənməsinə şərait yaradır. Lakin mexanizmin effektiv olması üçün ciddi tənzimləmə tələb olunur: qiymət sabitliyi öhdəliklərinin tətbiqi, artım limitlərinin müəyyən edilməsi, şəffaf xərclər üzrə audit, “ailə yükünün azalması” indikatorunun qrant müqaviləsinə daxil edilməsi və real vaxt monitorinqi kimi addımlar atılmalıdır.


Kamran Əsədovun fikrincə, mövcud vəziyyət göstərir ki, tənzimləmə mexanizmləri natamamdır və qrant proqramı real sosial təsir göstərməsi üçün təkmilləşdirilməlidir. Bu boşluqlar aradan qaldırıldıqdan sonra Elm və Təhsil Nazirliyinin təşəbbüsü məktəbəqədər təhsil sahəsində uzunmüddətli və faydalı islahata çevrilə bilər.


Afət ZİYADQIZI

Seçilən
0
operativmm.az

1Mənbələr