AZ

Famil Məmmədov: Bu ilin ötən dövründə İİV-ə yeni yoluxma hallarının sayı 1130 nəfər təşkil edib

Bakı, 1 dekabr, AZƏRTAC

İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, onun dünyada, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiya regionunda yayılması davam etməkdədir. Azərbaycanda həmin infeksiya əsasən yoluxmaya yüksək risk qrupu təşkil edən şəxslər arasında yayılıb. Ölkəmiz Şərqi Avropa və Mərkəzi Asiya regionunda xəstəliyin yayılma göstəricilərinə görə aşağı olan ölkələrdəndir.

AZƏRTAC xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Mərkəzin direktorunun sözlərinə görə, risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Lakin son illər digər region ölkələrdə olduğu kimi, Azərbaycanda da heteroseksual yoluxma yolu üstünlük təşkil edir.

"Bu ilin ötən dövrü ərzində İİV-ə yeni yoluxma hallarının sayı 1130 nəfər təşkil edib ki, onlardan 1109 nəfəri (98 faizi) Azərbaycan vətəndaşları olub. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 74,3 faizini kişilər, 25,7 faizini isə qadınlar təşkil edib. Həmin dövr ərzində 71 nəfər QİÇS mərhələsinə keçib, 20 nəfər isə İİV infeksiyasından dünyasını dəyişib.

Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2025-ci ilin noyabr ayının sonuna kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində 11 min 413 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 71,6 faizini kişilər, 28,4 faizini qadınlar təşkil edir. Ümumilikdə həmin dövr ərzində İİV infeksiyasından dünyasını dəyişənlərin sayı isə 1540 nəfər olub. Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarından 28,2 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 60,3 faizində heteroseksual, 6,3 faizində homoseksual kontakt nəticəsində olub, 1,3 faizində anadan uşağa keçib, 3,9 faizində isə yoluxma yolu müəyyən edilməyib", - deyə F.Məmmədov qeyd edib.

 

Seçilən
13
azertag.az

1Mənbələr