"Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək".
Onun sözlərinə görə, Azərbaycanın post-münaqişə strategiyasının mərkəzində dayanan Zəngəzur dəhlizi həm ölkəmiz, həm də regional və qlobal nəqliyyat əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Hacıyev dəhlizi Çin, Mərkəzi Asiya və Avropa arasında uzanan Orta Dəhlizin vacib hissəsi adlandırıb:
“Bu marşrut Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək və Azərbaycan bu prosesdə həlledici rol oynayacaq.”
Azərbaycan rəsmilərinin məlumatına əsasən, dəhlizin ölkəmiz ərazisindəki hissəsi tam işə düşdükdən sonra illik 15 milyon tonadək yük daşımaq potensialına malik olacaq. Bu sahədə işlərin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulur.
Prezidentin köməkçisi Bakının layihənin Aİ-nin "Global Gateway" təşəbbüsü ilə uyğunlaşdırılmasını dəstəklədiyini və Avropa İttifaqının dəhlizdə iştirakını müsbət qarşıladığını vurğulayıb.
Hacıyev qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın “sülhü qazanmaq strategiyasının” praktiki tərkib hissəsidir:
“Azərbaycan üçün müharibə bitib və münaqişə də sona çatıb. Biz sülhü möhkəmləndirməli və onu uzunmüddətli etməliyik.”