Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.
Elm və Təhsil Nazirliyinin özəl bağçalar üçün keçirdiyi qrant müsabiqəsinin nəticələrinə əsasən 63 qalib müəssisə müəyyən edilsə də, valideynlər gözlənilən güzəştlərin tətbiq olunmadığını bildirirlər. Sosial şəbəkələrdə narazılıq edən valideynlərin sözlərinə görə, bir ay əvvəl 250–300 manata uşaqları qəbul edən bağçalar qrant qalibi olduqdan sonra ödənişi 550 manata qaldırıblar. Bu artım nəticəsində ailələrin faktiki xərcləri dəyişməz olaraq qalır və ya daha da artır.
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan təhsil eksperti Kamran Əsədov bildirir ki, qrant qalibi olan özəl bağçaların eyni anda qiymətləri artırması dövlət dəstəyinin bazar davranışına təsirinin düzgün qiymətləndirilmədiyini, mövcud qiymət tənzimlənməsi mexanizmlərinin isə yetərincə işləmədiyini göstərir. Onun sözlərinə görə, qrant elanından dərhal sonra qiymətlərin yüksəlməsi, dövlət subsidiyasının xidmət göstərən müəssisələrin gəlirinə yönəlməsinə, sosial təsirin isə zəifləməsinə səbəb olur.
Ekspertin sözlərinə görə, son iki ildə özəl bağçaların qiymətləri ölkə üzrə orta hesabla 18–25% artıb, halbuki məktəbəqədər yaşlı uşaqların sayında artım müşahidə olunmur. Bu isə o deməkdir ki, qiymət artımı tələbin yüksəlməsindən yox, qrant fonunda yaranan bazar davranışından qaynaqlanır. Əsədov bunu “subsidiyanın qiymətə transferi” adlanan iqtisadi mexanizmlə izah edir.