AZ

Kir Starmer dövlət büdcəsi ilə bağlı artan siyasi təzyiqlərlə üzləşib

London, 1 dekabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer və maliyyə naziri Reyçel Rivz büdcə prosesinin idarə olunmasına görə hökumət daxilində artan təzyiqlə üzləşiblər.

AZƏRTAC “The Times”a istinadla xəbər verir ki, bir neçə nazir onları ölkənin iqtisadi proqnozları barədə kabineti yanlış yönləndirməkdə ittiham edir. Mətbuatda yer alan məlumatlara görə, Reyçel Rivz hökumətin maliyyə vəziyyətinin çətin olduğunu qabardaraq vergi artımlarını əsaslandırmağa çalışıb. Halbuki, əslində, büdcədə 4 milyard funt sterlinq profisit olduğu bildirilir. Reyçel Rivz oktyabrın 31-də yeni iqtisadi proqnozları əldə etsə də, onların təfərrüatlarını nə kabinetlə, nə də ictimaiyyətlə bölüşüb.

Əvəzində, noyabrın 4-də o, nazirlərə əməkhaqqı vergisinin əsas dərəcəsini artırmaqla bağlı Leyboristlərin seçkiqabağı vədini pozmağa hazır olduğunu bildirib və bunu dünyanın hazırkı reallıqlarına cavab vermək məcburiyyəti ilə izah edib.

İttihamları qəti şəkildə rədd edən Reyçel Rivz “Sky News”a müsahibəsində “Əlbəttə ki, yalan danışmamışam” deyərək müdafiəyə keçib. O, daha sonra açıqlamasında vəzifəsində uzun illər qalmağa qətiyyətli olduğunu bildirib. Məsələ hökumət daxilində narazılığın artmasına səbəb olub və Kir Starmer rəhbərliyinin büdcə prosesində şəffaflığını sual altına qoyub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
19
azertag.az

1Mənbələr