Bakı, 1 dekabr, AZƏRTAC
Dünya ölkələrində artıq “ağıllı şəhər” və “davamlı inkişaf” anlayışları geniş yayılıb. Bu modeldə şəhərlər təkcə yeni tikililərlə deyil, həm də köhnə binaların yenilənməsi, “ağıllı sistem”lərin quraşdırılması və enerjidən səmərəli istifadə ilə inkişaf edir.
Tikinti üzrə ekspert Anar Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib ki, dünya təcrübəsinə görə, binalara “ağıllı sistem”lər əlavə etmək və keyfiyyətli izolyasiya aparmaq həm dövlət, həm də vətəndaşlar üçün böyük fayda verir.
“İzolyasiya üçün ən yaxşı materiallardan biri daş yunudur. O istiliyi yaxşı saxlayır, ekoloji təmizdir və yanğına davamlı olduğu üçün daha təhlükəsizdir. Binalar izolyasiya olunanda enerji itkisi təxminən 50 faiz azalır. Bu isə elektrik və qaz xərclərinin yarıya qədər azalması deməkdir. Yəni həm ailə büdcəsinə qənaət olur, həm də mənzildə daha komfortlu şərait yaranır. Enerjiyə qənaət ölkəmiz üçün də faydalıdır. Azərbaycanda daxili qaz sərfiyyatı azaldıqca, artıq qazı Avropaya satmaq mümkündür. Avropada qaz bizim ölkədən təxminən 3,5 dəfə baha satılır, bu da dövlət üçün əlavə gəlir yaradır”, - deyə Anar Qurbanov vurğulayıb.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin yaşıl enerji və enerji səmərəliliyi ilə bağlı siyasəti şəhərlərin daha müasir və qənaətcil şəkildə yenilənməsinə şərait yaradır: “Nəticə olaraq, bu yanaşma həm dövlətə, həm də vətəndaşa qənaət, daha təmiz mühit, iqtisadi fayda və daha rahat yaşayış şəraiti təmin edir”.