AZ

Niderland Ukraynaya silah tədarükü üçün 250 milyon avro ayıracaq  

Niderland PURL təşəbbüsü çərçivəsində Ukrayna üçün silah tədarükünə 250 milyon avro ayırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Niderlandın müdafiə naziri Ruben Brekelmans bu barədə jurnalistlərlə görüşündə deyib. “Ukraynanın zenit raketlərinə, F-16 qırıcılarına və döyüş sursatlarına kəskin ehtiyacı var. Kiyevi bütün bunlarla sürətli şəkildə təmin etməyin yeganə yolu PURL təşəbbüsüdür. Biz bu məqsədlə əlavə olaraq 250 milyon avro yardım ayırmışıq”, - deyə o bildirib.

Nazir Avropa İttifaqının digər ölkələrini də yardımları artırmağa çağırıb: “Mən bu sahədə kifayət qədər iş görməyən ölkələri bizim nümunəmizə əməl etməyə çağırıram. Bu, Ukrayna və Avropanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”.

Ruben Brekelmans, həmçinin Niderlandın 500 milyon avroluq tam maliyyə paketi ilə PURL təşəbbüsünə töhfə verən ilk ölkə olduğunu xatırladıb.

Qeyd edək ki, 2025-ci ilin avqustunda start götürən PURL təşəbbüsü ABŞ-NATO birgə proqramıdır. Ukraynaya strateji silahları əldə etməyə imkan verən təşəbbüs NATO ölkələri tərəfindən maliyyələşdirilir.

Seçilən
15
2
azerbaijan-news.az

3Mənbələr