AZ

AZƏRBAYCANLI 54,5%, AVROPALI 8 10% XƏRCLƏYİR... Pulumuzun böyük hissəsi niyə ərzaq mallarına sərf olunur?

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılar ümumilikdə 52 milyard 615,7 milyon manatlıq məhsul alıblar. Bunun 28,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 23,9 milyard manatı isə qeyri-ərzaq mallarının satışına aiddir.

Rəsmi məlumatlara görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8% artıb. Artım ərzaq qrupunda 1,3%, qeyri-ərzaq mallarında isə 6,7% təşkil edib.İstehlakçıların ticarət şəbəkəsində xərclədiyi vəsaitin strukturunda dəyişikliklər də diqqət çəkir. Belə ki, alıcıların aylıq xərclərinin əhəmiyyətli hissəsi(50,4%) ərzaq məhsullarına,(4,1%) içkilər və tütün məhsullarına yönəlib. Hesabat dövründə ölkədə bir nəfər ay ərzində orta hesabla 513,8 manatlıq alış-veriş edib. Bunun da 279, 9 manatı ərzaq məhsullarının payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda yaşayan əhalinin bir nəfəri istehlak məqsədilə ay ərzində 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları almışdı.

2025-ci ilin ilk doqquz ayında ərzaq məhsullarının qiymətləri 7,4 % artıb. Son statistika da bunu təsdiq edir: oktyabr ayında ərzaq inflyasiyası təxminən 8,2 % səviyyəsində qeydə alınıb. Bu isə o deməkdir ki, ümumi inflyasiya 4–6 % aralığında dəyişsə belə, ərzaq məhsullarının illik qiymət artımı 6–9 % arasında olur. Bununla yanaşı, rəsmiləşdirilmiş istehlak qiymətləri indeksindən fərqli olaraq, real bazar qiymətlərini, yəni qeyri-rəsmi inflyasiyanı da nəzərə almaq vacibdir. Çünki bir çox hallarda istehlakçıların gündəlik həyatında hiss etdiyi qiymət artımı rəsmi göstəricilərdən daha yüksək olur.

Ən çox bahalaşan qida məhsulları - qarabaşaq yarması, mal və qoyun əti, mal əti konservləri, balıq, yumurta, ayran, kəsmik, pendir, kərə yağı, banan, armud, fındıq, pomidor, şirin bibər, badımcan, yerkökü, kartof və şokolad olub.

Maraqlıdır ki, inkişaf etmiş ölkələrdə əhalinin xərclərində ərzağın payı adətən 8–10% civarındadır. Bəzi ölkələrdə bu göstərici bir qədər yüksək ola bilər. Məsələn, inflyasiyanın yüksək olduğu Türkiyədə ev təsərrüfatlarının istehlak xərclərinin 22,8%-i qida və alkoqolsuz içkilərə gedir. Gəlir səviyyəsi artdıqca bu nisbət ciddi şəkildə dəyişir: ən aşağı gəlir qrupunda ərzaq xərcləri ümumi istehlak xərclərinin 36,6%-ni, ən yüksək gəlir qrupunda isə 14,5%-ni təşkil edir. Ümumilikdə, Türkiyədə qida xərcləri ikinci ən böyük istehlak kateqoriyasıdır; ən böyük xərc maddəsi isə mənzil və kirayədir.

Baltik və postsovet ölkələrində də vəziyyət müxtəlifdir. Estoniyada istehlak xərclərinin 14,6%-i, Litvada 17,7%-i, Latviyada isə 25,6%-i ərzağa yönəlir. Bu göstərici Ukraynada 42,1%, Belarusda 43,9%, Rusiyada 40%, Moldovada 50,1%, Qazaxıstanda 58,7%, Ermənistanda 61,8%, Türkmənistanda isə 67,3% təşkil edir.

Əhalinin xərclərində ərzağın payının yüksək olması, ümumiyyətlə, həyat səviyyəsinin aşağı olduğuna işarə sayılır. Çünki ərzağa nə qədər çox vəsait xərclənirsə, əhalinin orta və uzunmüddətli alıcılıq qabiliyyəti, həmçinin qənaət imkanı bir o qədər azalır. Rəsmi verilənlərə görə, Azərbaycanda əhalinin gəlirlərinin cəmi 1,8%-i sərəncamında qalır. Orta aylıq nominal əməkhaqqının 1087,7 manat olduğunu nəzərə alsaq, vətəndaş ayın sonunda təxminən 19 manat vəsait saxlayır. Bu da o deməkdir ki, insanların maaşının 98,2%-i gündəlik zəruri xərclərə xərclənir. Müqayisə üçün: Belarusda bütün xərclər ödənildikdən sonra gəlirin 10%-i, Rusiyada isə 9,2%-i vətəndaşın sərəncamında qalır.

İqtisadçı Xalid Kərimli “AzPolitika”-ya bildirib ki, bu fərqin yaranmasının əsas səbəbi Azərbaycan əhalisinin gəlir səviyyəsinin aşağı olmasıdır. Onun sözlərinə görə, ölkədə müşahidə olunan statistika kasıb ölkələr üçün xarakterik göstəricilərlə üst-üstə düşür.

“Biz varlı ölkə deyilik. İnsanların cibinə daxil olan gəlir əsasən yemək, kommunal və tibbi xərclərə gedir. Gəzmək, əyləncə və istirahət isə sonrakı plana qalır. Ac insanın teatr və ya istirahət haqqında düşünməməsi təbiidir. Xərclərin strukturunda ərzaq xərclərinin böyük paya malik olması əhalinin maddi durumunun zəif olduğunu göstərir. Çünki əvvəlcə qarnımızı doyururuq, daha sonra təhlükəsizlik və istirahət kimi məsələlər önə çıxır”, – deyə iqtisadçı qeyd edib.

Xalid Kərimlinin fikrincə, ərzaq xərclərinin müəyyən “təbii limiti” var. Yəni, insanın gəliri artsa belə, o, iki dəfə çox yemək yemir. Buna görə də gəlir yüksəldikcə ümumi xərclər strukturunda qida üçün ayrılan pay azalmalıdır.

“Ərzaq xərclərinin yüksək olması əhalinin rifah səviyyəsinin aşağı olduğunun açıq göstəricisidir. İnsanlar gəlirlərinin böyük hissəsini qidaya yönəltməyə məcbur qalırlar. Sabah bu xərclər 534 yox, 1000 manat olsa belə, yenə də 600-700 manatı qida üçün xərcləməli olacaqlar”, – deyə iqtisadçı əlavə edib.

Ekspert ikinci səbəb kimi inflyasiyanı göstərib. Onun sözlərinə görə, son 2–3 ildə ərzaq inflyasiyası digər mal və xidmətlərin qiymət artımını xeyli üstələyib:“Qeyri-ərzaq məhsullarında qiymətlər 2,5–3 faiz bahalaşdığı halda, ərzaq məhsullarında bu göstərici 8 faiz olub. Ərzaq qiymətlərinin daha sürətli artması xərclərin strukturuna ciddi təsir edir. Keçən il qidaya 100 manat verən şəxs bu il 108 manat ödəməli olur”.

İqtisadçı üçüncü amil kimi statistikada şəffaflıq məsələsini qeyd edib. Onun sözlərinə görə, müəyyən sahələr rəsmiləşdikcə vergi ödənişləri artır, bu isə əhalinin real vəziyyətini çətinləşdirir, amma statistik göstəricilərdə süni artım yaradır.

“ƏDV geri al” layihəsi, keşbek sistemi və kart ödənişlərinin genişlənməsi pərakəndə ticarətdə şəffaflığı artırıb. Nəticədə rəsmiləşmə yüksəlib və bu da statistik rəqəmlərin dəyişməsinə təsir edir”, – deyə Xalid Kərimli vurğulayıb.

Qeyd edək ki, Mərkəzi Bankın proqnozuna əsasən, 2026-cı il üçün orta illik inflyasiya təxminən 5,3 % səviyyəsində gözlənilir. Digər rəsmi qurum – İqtisadiyyat və Maliyyə Nazirliyi isə gələn il inflyasiyanın 4,8 % olacağını açıqlayıb. Lakin qeyd etmək lazımdır ki, ümumi inflyasiya bütün mal və xidmətləri əhatə etsə də, ərzaq qiymətlərinin dinamikası adətən fərqli olur və daha tez dəyişir.

E.Bəyməmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
azpolitika.info

1Mənbələr