AZ

“Qarabağ və Laçının turizm potensialı məskunlaşma prosesini irəli aparır” Xalid Kərimli

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Laçında və bütün Qarabağda aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirirəm. Bu, asan məsələ deyil. Böyük vəsaitlər sərf olunur, hər şey sıfırdan qurulur, yenidən rayon və şəhərlər salınır. Hökumət faktiki olaraq bu ərazilərdə yenidən idarəetmə sistemi qurur. Söhbət təkcə bir rayondan getmir, söhbət çox böyük bir ərazidən gedir. Bu ərazilərin hər birində paralel olaraq işlər aparılır”.

Bu fikirləri Gununsesi.info-ya danışan açıqlamasında iqtisadçı Xalid Kərimli deyib:

“İnfrastruktur yenidən qurulur: yol infrastrukturu, enerji infrastrukturu, kommunal infrastruktur formalaşdırılır. Su çəkilir, qaz çəkilir, rabitə xətləri qurulur. Bütün bu işlər eyni vaxtda paralel şəkildə həyata keçirilir. Böyük həcmdə investisiyalar yatırılır. Ölkə faktiki olaraq neft gəlirlərinin mühüm hissəsini bu istiqamətə yönəldir.

Hazırda hökumət yalnız bir rayona fokuslanmır, digər rayonlarda da mərkəzləşdirilmiş şəkildə məskunlaşma prosesi mərhələli şəkildə həyata keçirilir. Bunun müxtəlif səbəbləri var. Çünki hazırda bəzi ərazilərdə yaşamaq mümkün deyil. İnsanları oraya köçürmək üçün minimum yaşayış şəraiti təmin olunmalıdır: işıq, su, qaz, yol olmalıdır. Bütün bunları yaratmaq üçün hökumət məqsədyönlü şəkildə rayonları və yaşayış məntəqələrini yenidən sıfırdan qurur.

Laçın rayonu digərlərindən bir qədər irəlidədir. Çünki Laçındakı dağıntılar Şuşada, Xankəndidə, Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda və Ağdamda olduğu qədər ağır deyil. Buna görə də bəzi kəndlərdə məskunlaşma prosesi daha sürətlə aparılır. Ümumiyyətlə, Laçının məskunlaşması ilə bağlı həm gedib-gələnlər, həm də bunu yerində görənlər bildirirlər ki, rayon artıq kifayət qədər canlı bir əraziyə çevrilib və həyat tədricən qayıdır”.

İqtisadçının sözlərinə görə istər Laçın sakini olsun, istər digər rayonlardan olan insanlar – 30 il ərzində Bakıda yaşayan və Laçını heç vaxt görməyən 30 yaşlı gənclər var:

“Eləcə də 40 yaşlı insanlar var ki, Laçını ən son 8–10 yaşlarında görüblər. Bu insanların həyat şəraiti, yaşam tərzi dəyişib. Ona görə də birdən-birə kütləvi şəkildə qayıdış gözləmək reallığa uyğun deyil.

Qayıdışın baş verməsi üçün əsas iqtisadi stimullar olmalıdır. İnsanlar bilməlidir ki, orada onları iş gözləyir. Şəhərlər və qəsəbələr tarix boyu iş yerlərinin ətrafında formalaşıb. İnsanlar harada iş olubsa, gedib orada ev tikib, məskunlaşıb, həyat qurublar. Məsələn, insan ömrü boyu mühasib və ya jurnalist kimi işləyibsə, Laçına gedib orada hansı işi görəcək? Orada həmin sahələr üzrə müəssisə və şirkətlər yoxdursa, insanlar necə geçinəcək? Ona görə də məskunlaşma prosesinin sürətlənməsi birbaşa iş yerlərinin açılmasından asılıdır. Əks halda bu proses məhdud xarakter daşıyacaq.

Ümumiyyətlə, təkcə işğaldan azad olunmuş ərazilərdə deyil, Masallı, Daşkəsən, Zərdab, Şəmkir kimi rayonlarda da köç prosesi müşahidə olunur. Gənclər iş tapmaq üçün Bakıya üz tutur. Bu gün Bakıda yaşayanların böyük əksəriyyəti əyalətlərdən köçən insanlardır. Ona görə də birdən-birə 600–700 min nəfərin geri qayıdacağını düşünmək real deyil”.

Onun sözlərinə görə ata-baba torpaqlarına əvvəlki həyat şəklində qayıdış psixoloji baxımdan da çətindir:

“İnsanlar öz köhnə həyəti, öz evi yerinə indi çoxmərtəbəli binalarda mənzilə köçürülür. Bu da suallar yaradır. İnsan düşünür ki, burada da bina idi, orada da bina olacaq. Burada infrastrukturu, işi, həyat şəraiti var. Bu baxımdan məskunlaşma ən çətin və mürəkkəb proseslərdən biridir.

Bu prosesi irəli aparan əsas amillərdən biri isə turizm faktorudur. Laçın, Kəlbəcər, Zəngilan, Şuşa, həmçinin Hadrut, Xocavənd böyük turizm potensialına malik ərazilərdir. Bu bölgələrin həm mineral ehtiyatları, həm coğrafi xüsusiyyətləri, həm də təbii gözəllikləri mövcuddur. Gələcəkdə bu ərazilərin Azərbaycanın əsas turizm mərkəzlərinə çevriləcəyi proqnozlaşdırılır”.

Qeyd edək ki, dekabrın 1-i Azərbaycanın Laçın rayonunun erməni işğalından azad edilməsindən beş il ötür.

Gülxanım Əliyeva

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
icma.az

1Mənbələr