AZ

Yeni quraşdırılan “ağıllı radar”lar necə işləyir?

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb. Bu radarlar ən müasir “ağıllı nəzarət sistemi” ilə işləyir. Bəs “ağıllı radar”lar necə işləyir?

Nəqliyyat eksperti Yasin Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, “ağıllı radar”lar məsafə və vaxt əsasına görə orta sürəti müəyyənləşdirir:

“Məsələn, avtomobil bir kameranın yanından keçəndə vaxt qeydə alınır. İkinci kameraya qədər olan məsafə də məlumdur. Avtomobil həmin ikinci kameranın yanından keçəndə yenidən vaxt ölçülür. Bu iki nöqtə arasındakı məsafə və keçid vaxtı əsasında sürət hesablanır.

Yəni formul belədir: V = S / T — məsafə zaman bölünəndə sürət alınır. Sürətin zamana hasili isə məsafəni verir. Dolayısı ilə həmin iki kamera arasında orta sürəti dəqiq hesablamaq mümkündür”.

Y.Mustafayev qeyd edib ki, bu sistem Azərbaycanda ilk dəfə tətbiq olunur:

“Amma belə radarların quraşdırılması sürət həddinin aşılmasının qarşısını almağa xidmət edir. Çünki həmin yolda avtomobillər çox yüksək sürətlə hərəkət edirlər və bu, bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Sosial şəbəkələrdə də bir müddət əvvəl bu yolla bağlı yüksək sürətli hərəkət videoları paylaşılırdı. Cəzalandırılmadan sonra bu videolar azalsa da, yenə də bəzi sürücülər avtomobillərinin gücü çatdığı qədər sürətlə hərəkət edirlər. Bu isə böyük təhlükə yaradır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
134
1
metbuat.az

10Mənbələr