AZ

Budapeştdə diaspor gənclərinin toplantısı keçirilib

Budapeşt, 1 dekabr, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə “Diaspor gəncləri: strateji hədəflərə doğru” mövzusunda Azərbaycan Diaspor Gənclərinin İşçi Qrupunun görüşü keçirilib. Azərbaycan Evində keçirilən görüşə Diaspor Gənclərinin Yay Düşərgələrində iştirak edən azərbaycanlı gənclər qatılıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və müasir yanaşmalar əsasında inkişaf edən diaspor siyasətində gənclərin xüsusi yeri barədə danışıb. Bildirib ki, müasir dünyada diaspor artıq sadəcə mədəni icma deyil, informasiya müharibəsinin güclü aktorudur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin də bu sahədə uğurları var və onlar ortaq müzakirə platformalarının yaradılması, milli-mədəni kimliyin qorunması istiqamətində faydalı işlər görürlər.

Fuad Muradov Diaspor Gənclərinin Yay Düşərgələrinə diqqət çəkib. O, düşərgələrin gənclərdə vətənə bağlılıq hissini inkişaf etdirdiyini söyləyib.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə diaspor gənclərinin fəaliyyətini və keçirilən tədbiri müsbət qiymətləndirib.

Görüşdə Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixindən və gənclərin düşərgələrə marağından bəhs edən videoçarx göstərilib.

Macarıstandakı Azərbaycan Evinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə “Diaspor gəncləri: strateji hədəflərə doğru” mövzusunda keçirilən toplantı “Konstitusiya və Suverenlik İli”nə və Qarabağda Şanlı Zəfərimizin beşilliyinə həsr olunub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
56
4
azertag.az

5Mənbələr