AZ

"Putini bağışlamaq olmaz": Avropa İttifaqının Rusiya ilə sülh sazişi üçün yeni "qırmızı xətti" - "Politico"

"Putin mühakimə olunmadan bağlanmış hər hansı razılaşma tarixi səhv və yeni müharibənin başlanğıcı ola bilər..."

Ukrayna ilə Rusiya arasında mümkün sülh razılaşması ətrafında gedən diplomatik proses həm Brüsseli, həm Vaşinqtonu, həm də Kiyevi daha həssas mərhələyə gətirib çıxarıb. 

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Avropalı rəsmilər xəbərdarlıq edir ki, Moskva cəzasız qalarsa, bu, gələcək işğalların başlanğıcı ola bilər. Eyni zamanda, araşdırmalar göstərir ki, Ukraynaya dəstək vermək Avropa üçün Rusiyaya güzəştə getməkdən daha ucuz başa gələcək.

Moskva üçün cəzasızlıq təhlükəsi və Avropanın "qırmızı xətti"

Nəşrə danışan Avropa Komissiyasının ədalət və demokratiya üzrə komissarı Maykl Makqrat bildirib ki, heç bir sülh planı Vladimir Putinin və Rusiya rəhbərliyinin hərbi cinayətlərə görə məsuliyyətdən yayınmasına şərait yaratmamalıdır. Onun sözlərinə görə, "keçmişi silmək" cəhdi yalnız yeni hücumlar üçün zəmin hazırlaya bilər.

BMT və Ukrayna rəsmiləri artıq yüz minlərlə mümkün cinayətin araşdırıldığını, mülki əhalinin deportasiyası, dron hücumları və zorakı işğal praktikasının sənədləşdirildiyini bildirir. Makqrat vurğulayıb ki, "qurbanların hüquqları danışıqlarda qurban verilməməli"dir və Avropa İttifaqı bu məsələdə kompromisə getməyəcək.

Ukraynaya yardım Rusiyaya güzəştdən daha ucuzdur

"New York Post" nəşrinin yazdığına görə, Norveç tədqiqatçıları Avropanın qarşısında iki ssenarini hesablayıb: Ukraynanın 4 il ərzində hərbi dəstəklənməsi - 606-972 milyard dollar; Rusiyanın qələbəsi və NATO-nun şərq cinahının gücləndirilməsi - 1,4-1,8 trilyon dollar. Araşdırmada bildirilir ki, Kremlin qələbəsi milyonlarla yeni qaçqın axını, NATO xərcinin artması və yeni hərbi risklərə səbəb olacaq. Əksinə, Ukraynanın qələbəsi regionu sabitləşdirə və iqtisadi sərmayələri geri qaytara bilər.

Yardım, danışıqlar və gözləmə rejimi

"Bloomberg" nəşri yazır ki, Ukrayna il sonuna qədər əlavə 1 milyard avro tələb edir. Bu vəsait ABŞ silahlarının alınması üçün PURL proqramına yönəldilməlidir. Lakin Avropa ölkələrinin əksəriyyəti qərarı təxirə salır, çünki Vaşinqtonun sülh planı hələ də dəqiq deyil, yardım isə qismən dondurulub. PURL proqramı hazırda Ukraynanın HHM sistemlərinin böyük hissəsini təmin edir - "Patriot" və digər sistemlərin 75-90 faizi məhz bu mexanizmlə maliyyələşdirilib.

"Sülh istəyirik, amma təhlükəsizlik təmin olunmalıdır"

Fransada Emmanuel Makronla görüşdən sonra Vladimir Zelenski bəyan edib ki, müharibə mümkün qədər tez başa çatmalıdır, lakin təhlükəsizlik zəmanətləri olmadan heç bir saziş mümkün deyil. Hazırda danışıqlar prosesində əsas sual budur: sülh Moskvanın cəzasızlığına, yoxsa ədalət prinsipinə əsaslanacaq? Avropanın mesajı aydındır - Putin mühakimə olunmadan bağlanmış hər hansı razılaşma tarixi səhv və yeni müharibənin başlanğıcı ola bilər.

Seçilən
22
1
moderator.az

2Mənbələr