AZ

Azərbaycan dünya silah bazarının fəal rezidentinə çevrilir...


Ötən il dünyada ən böyük 100 silah istehsalçısının silah və hərbi xidmət satışından gəlirləri 5,9 faiz artaraq rekord 679 milyard dollara çatıb. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) bu barədə hesabat açıqlayıb.

Ötən il qlobal silah gəlirlərinin kəskin artmasına Ukrayna və Qəzzadakı müharibələr, qlobal və regional geosiyasi gərginliklər, hərbi xərclərin yüksəlməsi səbəb olub. 2018-ci ildən bəri ilk dəfə olaraq ən böyük beş silah şirkətinin gəlirləri artıb.

Bu yüksəlişin əsas hissəsi Avropa və Birləşmiş Ştatlardakı şirkətlərin payına düşür. Amma ümumilikdə ilk 100-lükdə olan şirkətlərin illik gəliri artıb. Asiya və Okeaniya istisnadır, Çinin silah sənayesindəki problemlər regional statistikaya təsirini göstərib. SIPRI-nın tədqiqatçısı Lorentso Skaratsato deyir ki, şirkətlərin istehsal gücünü artırmasına baxmayaraq, xərclərə, çatdırılma qrafikinə təsir göstərə biləcək bir sıra problemləri var. 2024-cü ildə “Top 100”dəki ABŞ silah şirkətlərinin gəliri 3,8 faiz artaraq 334 milyard dollara çatıb. Siyahıya “Lockheed Martin”, “Northrop Grumman”, “General Dynamics” kimi şirkətlər daxildir. Rusiyanı çıxmaqla ilk 100 şirkətdən 26-sı Avropada yerləşir, onlardan 23-nün gəlirləri artıb. Bu artım Ukraynadakı müharibədən, Rusiyadan gözlənən təhdiddən qaynaqlanır. SIPRI bildirir ki, sanksiyalara, işçi çatışmazlığına baxmayaraq, Rusiyanın silah gəlirləri də yüksəlir. İlk 100-lükdə “Rostec” və Birləşmiş Gəmiqayırma Korporasiyası yer alıb. Onların ümumi silah gəlirləri 23 faiz artaraq 31,2 milyard dollar çatıb. Bu arada onu da qeyd edək ki, artıq Azərbaycan da silah satışı bazarında yerini tədricən gücləndirir. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı bu məqama toxunan prezident İlham Əliyev qeyd edib: “Bu gün bildiyiniz kimi, Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Eyni zamanda, bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb etmişik. Eyni zamanda, mənim tərəfimdən də onlara çağırış olub və bu gün özəl şirkətlər artıq hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olmağa başlamışlar. Deyə bilərəm ki, hələlik bu proses icra mərhələsindədir, amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər. Eyni zamanda, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Çünki bu, çox gəlirli sahədir və nəzərə alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq. Ona görə bu istiqamətdə bu gün biz çox fəal işləyirik. Yenə də deyirəm, biz təbii ki, dövlət və özəl şirkətlərimizi, eyni zamanda, Azərbaycan alimlərini bu istiqamətə dəvət edirik”.

Ümumiyyətlə, Azərbaycan son illərdə müdafiə sənayesi və silah ixracı sahəsində diqqətəlayiq uğurlar əldə edərək regionda yeni güc mərkəzlərindən birinə çevrilməkdədir. Bu uğurlar həm ölkənin hərbi-texniki imkanlarının genişlənməsi, həm də ixrac potensialının artması ilə birbaşa bağlıdır. Azərbaycanın müdafiə sənayesinin sürətli inkişafı təsadüfi proses deyil, bunun arxasında həm dövlət siyasəti, həm də müasir tələblərə uyğun yüksək texnoloji həllərin tətbiqi dayanır. Ölkənin bu sahədə əldə etdiyi nailiyyətlər təkcə hərbi sahədə özünü təminetmə səviyyəsinin yüksəlməsi ilə məhdudlaşmır, həm də Azərbaycanı silah satan ölkələr sırasında möhkəmləndirir. Müdafiə sənayesinin inkişafına sistemli yanaşma 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə başlayıb. Bu addım ölkənin hərbi sənaye kompleksini mərkəzləşdirib genişləndirməyə, modern istehsalat müəssisələri qurmağa və yerli dizayn məktəbinin formalaşmasına imkan verib. Sonrakı illərdə bu sahəyə ayrılan investisiyaların artması ilə həm klassik atıcı silahlar və sursat, həm də mürəkkəb texnoloji sistemlər istehsal edilməyə başlanıb. Statistik göstəricilər də inkişafın miqyasını təsdiqləyir: təkcə 2024-cü ildə müdafiə təyinatlı məhsulların istehsalı əvvəlki illə müqayisədə 14,7 faiz artaraq 781,8 milyon manata çatıb. İxracın ümumi həcmi isə 565,8 milyon manat olub. Cari ildə bu göstərici daha yüksək olacaq. Bu fakt bir daha göstərir ki, Azərbaycan yalnız daxili tələbatı qarşılamaqla kifayətlənmir, həm də öz məhsullarını xarici bazara çıxarmağı bacarır. Silah ixracı Azərbaycanın xarici siyasətində və iqtisadi strategiyasında mühüm yer tutur. Müdafiə sənayesi məhsullarının müxtəlif ölkələrə tədarük edilməsi həm siyasi tərəfdaşlıqları gücləndirir, həm də iqtisadi mənfəət gətirir. Bu, qısa zaman ərzində formalaşmış bir sənaye üçün böyük uğurdur və Azərbaycanın brend kimi tanınmasına mühüm töhfələr verir. Azərbaycanın ixrac etdiyi məhsullar arasında həm ənənəvi sursat növləri, həm də yüksək texnoloji PUA sistemləri xüsusi yer tutur. Bu istiqamətdə əldə edilən nailiyyətlər Azərbaycanı regionda pilotsuz sistemlərin istehsalı və satışı sahəsində rəqabətqabiliyyətli oyunçulardan birinə çevirir. Ümumiyyətlə, dünyada PUA texnologiyalarına marağın artması fonunda Azərbaycanın bu sektorda fəal mövqedə olması həm iqtisadi, həm hərbi, həm də texnoloji baxımdan ciddi üstünlüklər təmin edir. Azərbaycanın silah satışında əldə etdiyi uğurlar yalnız istehsalat və maliyyə göstəriciləri ilə ölçülmür. Burada müasir idarəetmə modeli, strateji planlama və elmi-tədqiqat işlərinə verilən əhəmiyyət də mühüm rol oynayır. Müdafiə sənayesinə bağlı müəssisələrdə yeni texnologiyaların mənimsənilməsi, yerli mühəndis kadrların yetişdirilməsi, beynəlxalq təcrübənin tətbiqi və qlobal şirkətlərlə tərəfdaşlıq ölkənin hərbi sənayesini daha da gücləndirir. Eyni zamanda, silah ixracı ilə bağlı strateji yanaşma Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir. Silah satışı çox zaman təkcə iqtisadi proses deyil, həm də siyasi münasibətlərin formalaşmasında mühüm alət kimi çıxış edir. Azərbaycan bu sahədə tərəfdaşlığı şaxələndirməyə çalışır və müxtəlif regionlardan ölkələrlə əməkdaşlıq edir. Bu, həm siyasi təsir imkanlarının genişlənməsinə, həm də ölkənin qlobal müdafiə bazarında dayanıqlı yer tutmasına xidmət edir. Yerli istehsalın artması Azərbaycanın idxaldan asılılığını azaltmaqla yanaşı, hərbi təhlükəsizlik baxımından müstəqilliyini gücləndirir. Bu isə xüsusilə dəyişkən geosiyasi reallıqlar fonunda əhəmiyyətli üstünlükdür. Azərbaycanın silah satışında əldə etdiyi uğurlar ölkənin müdafiə sənayesinin sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan istehsal sisteminin qurulduğunu və beynəlxalq bazara çıxış imkanlarının genişləndiyini göstərir. Son illərdə əldə edilən nailiyyətlər Azərbaycanın yalnız güclü orduya malik dövlət kimi deyil, həm də müdafiə sənayesi məhsullarının istehsalında və ixracında rəqabətədavamlı ölkə kimi formalaşdığını sübut edir. Bu istiqamətdə aparılan siyasət həm ölkənin iqtisadi gücünü artırır, həm də qlobal təhlükəsizlik arxitekturasında Azərbaycanın rolunu gücləndirir.

Ramil QULİYEV

Seçilən
17
baki-xeber.com

1Mənbələr