AZ

Qəzzada humanitar aksiya - 800 nəfər təmiz içməli su ilə təmin edilib

BAKI, TurkicWorld

3 oktyabr 2025-ci il tarixində Qəzza zolağında yerləşən “Əl-Fəlah” məktəb sığınacağında növbəti humanitar aksiya həyata keçirilib.

TurkicWorld xəbər verir ki, ağır müharibə şəraitində susuzluq və məişət çətinlikləri ilə üz-üzə qalan sakinlər üçün təşkil olunan su paylanması nəticəsində ümumilikdə 800 nəfər təmiz içməli su ilə təmin olunub.

Humanitar təşəbbüs Al Baraka Azerbaijan könüllülərinin və Qusar rayonundan olan xeyriyyəçi həmvətənlərimizin birgə dəstəyi ilə reallaşıb. Aksiya çərçivəsində xüsusən uşaqlar, yaşlılar və qadınlar üçün su ehtiyatının fasiləsiz təmin olunmasına xüsusi önəm verilib.

Sığınacaq nümayəndələrinin bildirdiyinə görə, davam edən blokada və infrastrukturun məhv edilməsi səbəbindən su qıtlığı bölgədə ən ciddi humanitar problemlərdən biri olaraq qalır. Bu səbəbdən göstərilən yardım həm sağlamlıq, həm gigiyena, həm də gündəlik yaşayış baxımından böyük əhəmiyyət daşıyır.

Humanitar qrupun nümayəndələri qeyd ediblər ki, belə təşəbbüslər davamlı xarakter daşıyacaq və ehtiyacı olan əhaliyə yardım göndərilməsi üzrə fəaliyyət genişləndiriləcək.

“Bu su paylanması təkcə ehtiyacın ödənilməsi deyil, həm də müharibənin ən ağır günlərində insanlara ümid və sevinc bəxş edən bir addımdır,” – deyə təşkilat könüllüləri bildiriblər.

Seçilən
20
turkic.world

1Mənbələr