AZ

Niyə dünyanın ən bahalı materialı yalnız kosmosdadır? - Bir qramı milyardlarla dollardır

Yer üzündə tapılmayan, lakin dəyəri qızıl və almazı qat-qat üstələyən ən bahalı maddə antimateriyadır.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, onun cəmi bir qramının qiyməti milyardlarla dollarla ölçülür.
 
Antimateriya adi maddənin əks hissəciklərindən ibarətdir. Bu hissəciklər materiya ilə təmasda olduqda bir-birini məhv edir və nəticədə nəhəng enerji ayrılır.
 
Enerji mənbəyi kimi gələcəyin namizədi
 
Alimlər hesab edirlər ki, gələcəkdə antimateriya bəşəriyyət üçün ən güclü enerji mənbələrindən birinə çevrilə bilər. Lakin onu əldə etmək son dərəcə çətindir. Yer üzündə yalnız çox kiçik miqdarlar yaradıla bilir və bunun üçün müasir hissəcik sürətləndiricilərinin imkanları tələb olunur.
 
Antimateriyanın qiymətinin astronomik olmasının əsas səbəbi də onun yaradılması üçün lazım olan resurslar və zamanın hədsiz çox olmasıdır. Bir qram antimatəriyanın istehsalı trilyonlarla kilovat-saat enerji tələb edir.
 
Saxlama problemi: maddə ilə təmas qadağandır
 
Antimateriyanın saxlanması da mühüm çətinlik yaradır. O, maddə ilə dərhal qarşılıqlı təsirə girərək yox olur. Alimlər bunun qarşısını almaq üçün xüsusi maqnit tələlərindən istifadə edirlər, lakin bu tələlər belə antimatəriyanı uzun müddət saxlaya bilmir.
 
Kosmik tədqiqatların açarı
 
Antimateriya hazırda fiziklər üçün ən vacib araşdırma obyektlərindən biridir. Onun xüsusiyyətləri Kainatın yaranması, maddə və antimatəriya arasındakı balans və fundamental fizika qanunlarını daha dərindən anlamağa kömək edir.
 
Teoriyaya görə, antimateriya ulduzlararası kosmik gəmilər üçün ideal yanacaq ola bilər. Hissəciklərin anihilasiyası zamanı ayrılan enerji nüvə enerjisindən minlərlə dəfə güclüdür. Lakin bu tətbiq hələlik yalnız nəzəri səviyyədədir.
 
Hələ ki, əlçatmaz sərvət
 
Antimateriya kosmosda təbii şəkildə yaranır. Bununla belə, onu kosmosdan çıxarmaq və Yerə gətirmək müasir texnologiyalar üçün qeyri-mümkündür.
 
Alimlər ümid edirlər ki, gələcək texnologiyalar antimatəriyanın həm istehsalında, həm də saxlanmasında irəliləyiş yaradacaq. Amma hazırda antimateriya elm dünyasının ən böyük hədəflərindən biri, həm də dünyanın ən bahalı maddəsi olaraq qalır.
Seçilən
7
1
moderator.az

2Mənbələr