Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti xüsusi elçisi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşner ilə görüşə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBFİ) rəhbəri Kirill Dmitriyev iştirak edir. Gözlənilir ki, görüşdə Ukraynaya dair “Trampın sülh planı” müzakirə olunacaq.
Görüşdən bir qədər əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva sülh yolu ilə tənzimləməni müzakirəyə açıqdır, lakin müəyyən edilmiş hərbi məqsədlərə çatmalıdır. Peskov jurnalistlərə görüşün detalları barədə məlumat verməkdən imtina edib və qeyd edib ki, “megafon diplomatiyası” bu halda faydasızdır. Öz növbəsində Kirill Dmitriyev 2 dekabr tarixini sülh üçün mühüm gün adlandırıb.