AZ

İqtisadiyyatımız "Azərbaycan"ın güzgüsündə

Bir anın içində ölkəmizin müxtəlif guşələrində onlarca, bəlkə də yüzlərlə hadisə baş verir. Haradasa yeni bir müəssisənin açılışının rəmzi olan qırmızı lent kəsilir, haradasa növbəti bir layihənin təqdimatı edilir. Limanda gəmiyə sərhədləri aşacaq ixrac yükü vurulur, dəmir yolunda çiyni yol çantalı turistlər sevinclə qatarın vaqonlarına doluşurlar. Haradasa bir gəncin adına əmək kitabçası açılır, kiminsə evindən ilk dəfə körpə səsi gəlir. İllərdir yurduna həsrət qalıb indi geriyə dönən birisinə isə təzə mənzilinin açarları verilir... Bütün bunlar ölkənin sosial-iqtisadi həyatının ayrı-ayrı cizgiləridir.

Bəzən belə yanlış fikir söyləyənlər də olur ki, qəzetdə iqtisadi mövzuda yazılanları oxumaq maraqsızdır. Əvvəla, hər yazının, hər mövzunun öz oxucusu olur. Yəni oxucu qəzet səhifəsində özünün dünyagörüşünə, yaşına, təhsilinə, fəaliyyət sahəsinə uyğun material axtarır. Bir də ki, söhbət ölkənin iqtisadi inkişafından, gücünün, qüdrətinin artmasından gedirsə, insanın güzəranından, dolanışığından bəhs olunursa, bu, əksinə, böyük maraq doğuran məsələdir. 

İqtisadi mövzuları nəinki oxumağın, yazmağın özü xoş və maraqlıdır ki, "Azərbaycan" qəzeti bu missiyasını da məmnuniyyətlə yerinə yetirir.

Əlbəttə, "Azərbaycan"ın 10.000 nömrəsinin hər birini vərəqləmək imkan xaricindədir. Sadəcə, son illərin iqtisadi mövzular palitrasına ötəri bir nəzər salaq. 

Azərbaycan iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, qəzetimizdə öz dolğun, geniş və əhatəli əksini tapmasın. Başlayaq iqtisadiyyatımızın bel sütununu təşkil edən neft-qaz sektorundan. Mübaliğəsiz deyə bilərik ki, qəzet Azərbaycanın yeni neft-qaz strategiyasının əsl salnaməçisinə çevrilib. Hazırda dünyada istismar olunan ən böyük karbohidrogen mənbələrindən biri Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarıdır. Prezident İlham Əliyev "Azəri-Çıraq-Günəşli"ni ölkəmizin əsas gəlir mənbəyi adlandırıb. 

Doğrudur, AÇG neft hasilatının pik dövrünü artıq yaşayıb. Bununla belə məyusluq yaratmayıb. Neft laylarının dərinliyində bolluca qaz ehtiyatları olduğunu sürpriz edib. Biz bu müjdəni də artıq oxucularımıza çatdırmışıq. 

Qazdan söz düşmüşkən onu da xatırladaq ki, Azərbaycanın "Şahdəniz"dəki və digər yataqlardakı mavi yanacaq ehtiyatı bundan sonra hələ 100 il bizə kifayət edər, üstəlik, bir sıra digər ölkələrin də enerji təhlükəsizliyinə dəstək verər. 

Dünyanın ən böyük neft-qaz terminallarından biri, regionun neft-qaz ixracı mərkəzi olan Səngəçal terminalı, Ulu Öndər Heydər Əliyevin şah əsərləri sırasında dayanan, üçüncü minilliyin nəhəng mühəndis qurğusu sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 19 il əvvəl "Şahdəniz" qazını ilk dəfə xaricə nəql edən, Azərbaycanı həm də qaz ixracatçısı kimi tanıdan Bakı-Tbilisi-Ərzurum boru xətti haqqında ən geniş təsəvvürü də oxucularda məhz ölkəmizin adını daşıyan qəzetimiz yaradır. Oxucumuz "Cənub qaz dəhlizi"nin keçdiyi uzun yol, bu layihənin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğu, nəhayət, ölkəmizin Pan-Avropa qaz təchizatçısına çevrildiyi barədə bir çox bilgiləri də əsasən "Azərbaycan"dan alır.

Ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib. Neftdən əldə olunan gəlirlər dövlətimizin prioritetlərindən olan qeyri-neft sektorunun inkişafına, sosial infrastukturun qurulmasına yönəldilir. Neftdən əldə olunan gəlirlər həmçinin Azərbaycan Ordusunun gücünü, qüdrətini artırıb, silah-sursatla təchizatını yüksək səviyyəyə çatdırıb. Dövlətimizin başçısı bu barədə belə deyib: "Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".

Və bütün bu bir-birilə bağlı məsələlər qəzetimizin diqqət mərkəzindədir.

Kəndlini öz torpağının və taleyinin sahibinə çevirən aqrar islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası qəzetin səhifələrində müxtəlif janrlı yazılar və fotoşəkillərlə öz əksini tapır. Bu səhifələri çevirdikcə gözlərimizdə günbəgün yenidən qurulan, ucqar kəndlərinədək yollar çəkilən, dağların başındakı obalarınadək hər yerdə mavi alov şölələnən, 25-30 il əvvəl böyük şəhərləri belə işığı fasilə ilə alan, son iki onillikdə isə onlarca elektrik stansiyası tikən və indi qonşusu olan dörd ölkəyə enerji ixrac edən Azərbaycan canlanır. 

Bu gün Azərbaycanın bir sıra rayon mərkəzləri gözəllikdə, abadlıqda Avropanın tanınan şəhərlərindən heç də geridə qalmırlar. Paytaxtımız meqapolisə çevrilib. Və bütün bunlar "Azərbaycan"ın iqtisadi mövzuda yazan jurnalistlərinin diqqətindən və qələmindən qəzetin bircə nömrəsində belə yayınmır.

Ölkənin sosial-iqtisadi inkişafı üçün bütün mənbələrdən əsas kapitala yönəldilən vəsait, geniş vüsət alan tikinti-quruculuq işləri, bu sahəyə yatırılan daxili və xarici sərmayə, istifadəyə verilən yeni istehsal müəssisələri, yaradılan müasir infrastruktur... İndi əsas kapitala yönəldilən investisiyaların başlıca ünvanlarından biri də işğaldan azad olunmuş ərazilərimiz - yenidən tikilib-qurulan Qarabağ və Şərqi Zəngəzurdur. Bütün bunlar üçün də qəzetin səhifələrində geniş yer var. 

Sənaye parkı, sənaye məhəlləsi, aqropark nədir, bunlar nə ilə məşğuldur, əhəmiyyəti və perspektivləri nədən ibarətdir? Bu sualların cavablarını da "Azərbaycan" qəzetindən almaq mümkündür.

Bu günün mövzuları sırasında Zəngəzur dəhlizinin (TRIPP) çəkilişi də öndə dayanır. "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizləri də həmçinin. Başlanğıcını Mərkəzi Asiyadan götürüb Xəzərin və Qara dənizin dibi ilə Avropaya uzanacaq "yaşıl enerji" dəhlizinin aparıcı qüvvəsi Azərbaycandır ki, oxucumuz bu layihələr barədə də ətraflı və düzgün məlumatı bizim qəzetdən alır. 

Sosial mövzu da qəzetin daim diqqət mərkəzindədir. Məlumdur ki, ölkədə son illər bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncamların əhali arasında necə rəğbətlə, məmnunluqla qarşılandığını qəzetin yazılarında aydın görmək olar. Bu da səbəbsiz deyil. Çünki imzalanan hər yeni sərəncam yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılır. Bu da onu göstərir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. 

Biz çalışırıq ki, "iqtisadiyyat rəqəmlər toplusudur" deyənlər hər rəqəmin arxasında əsl həqiqətlərin, böyük reallıqların dayandığını görsünlər. Doğrudur, Dövlət Statistika Komitəsi "Azərbaycan"ın İqtisadiyyat şöbəsinə hər ayda bir dəfə sosial-iqtisadi icmallarını göndərir. Biz oradakı rəqəmləri oxuculara da çatdırırıq, həm də çılpaq şəkildə deyil, izahlarla, şərhlərlə. 

Bu, iqtisadiyyatdır, rəqəmlər dəyişə də bilir, onlar yalnız artmırlar, bəzən azalan vaxtları da olur. Belə hallarda ciddi təhlillərə ehtiyac yaranır. Səbəbləri araşdırmaq, geriyə sıçrayışı dərindən çözmək lazım gəlir... 

Elə irəliləyişin özü də bunu tələb edir. Adi bir misal gətirək. Son illər miqrasiya saldomuz müsbət olaraq qalır. Başa çatmaqda olan ilimizin 9 ayında bu göstərici 957 nəfər təşkil edib (həmin vaxtdan şübhəsiz ki, xeyli artıb). Bu, sıradan bir rəqəm deyil. Deməli, getdikcə daha çox insan Azərbaycanı özünə daimi yaşayış yeri seçir. Əgər insan burada yaşayanda özünə iş tapacağına, gününün xoş keçəcəyinə, güzəranının yaxşı olacağına inanmasa, belə qərara gəlməz. Deməli, ölkəmizi sevir, nailiyyətlərimizi görür, dövlətimizə güvənirlər ki, bu addımı atırlar. Deməli, Azərbaycanın gücü, nüfuzu dünyaya bəllidir... 

Bu qüdrətdən, bu nüfuzdan yazmaqdan yorulmuruq. Buyurun, oxucumuz olun.  

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
73
azerbaijan-news.az

1Mənbələr