AZ

Politico: Kuşner və Uitkoff Putinin oyununa daxil olur...

Kreml amerikalı emissarlara Moskvanın sülh şərtlərini sərt və təzyiq dolu formatda təqdim edib…

Poliqon xəbər verir ki, Politico nəşri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskva səfəri barədə geniş təhlil dərc edib. Nəşrin iddiasına görə, Vladimir Putin bu görüşü özünəməxsus üslubla, “şirinlikləşdirmə, hesablanmış ləngimələr və açıq hədələr” kombinasiyası ilə formalaşdıraraq, amerikalı emissarlara Rusiyanın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli barədə mövqeyini nümayiş etdirib.

Politico-nun yazdığına görə, Vitkoff və Kuşner Moskvada bir neçə saat güzgülü salonlarda gözləməyə məcbur edilib. Onlar əvvəlcə şəhərlə tanış olmaq və elit restoranda nahar etməklə vaxt keçiriblər. Bu müddətdə Putin Moskva İnvestisiya Forumunda çıxış edərək Avropanı sülh prosesini pozmaqda ittiham edib və ehtimal olunan eskalasiya barədə xəbərdarlıq edib.

“Biz Avropa ilə müharibə aparmaq niyyətində deyilik, amma əgər Avropa müharibə başlatmaq istəsə, biz buna elə indi də hazırıq”, deyə Putin Amerikdan gələn elçilərlə görüşdən əvvəl bəyan edib.

Görüş, Putinin xarici qonaqları gözlətməyi sevdiyini bilənlər üçün gözlənilən şəkildə, mətbuat katibinin əvvəl açıqladığı vaxtdan təxminən üç saat gec, saat 17:00-də başlanıb. Kremlin yaydığı videoda Putin amerikalı nümayəndələri gülərüzlə qarşılayır və onların Moskvanı bəyənib-bəyənmədiyini soruşur. Uitkoff isə cavab verir: “Möhtəşəm şəhərdir”. Danışıqlar yerli vaxtla gecə yarısını keçənədək davam edib.

Putinin xarici siyasət müşaviri Kirill Dmitriyev görüşü “səmərəli” adlandırıb. Prezidentin köməkçisi Yuri Uşakov onu “faydalı, konstruktiv və çox məzmunlu” kimi qiymətləndirib, lakin “hələ çox iş qaldığını” da əlavə edib. Uşakovun “Biz sülhdən uzaqlaşmadıq, bu dəqiqdir” sözləri Politico-nun təbirincə, Kremlin nikbinlik siqnalı kimi təqdim edilir.

Nəşr yazır ki, Putin danışıqlarda “Avropanın destruktiv roluna” xüsusi vurğu edib. Politico bunu Moskvaya sərf etməyən nəticə halında məsuliyyəti Brüsselin üzərinə yükləmək cəhdi kimi şərh edir. ABŞ-nin yeni diplomatik fəallığı isə həm Kiyevdə, həm də Avropa paytaxtlarında narahatlıq doğurur. Tərəfdaşlar Tramp administrasiyasının Ukraynaya təzyiq mexanizmlərini gücləndirdiyini düşünür.

Prezident Vladimir Zelenski danışıqların Ukraynanın “tarixində ən çətin məqam” olduğunu etiraf etsə də, dialoqa hazır olduğunu bildirib. Lakin Politico-nun qeyd etdiyi kimi, Trampın Moskvadan əslində nə tələb etdiyi və Kreml nəyə razı ola biləcəyi hələ də qeyri-müəyyəndir.

Moskvadakı danışıqlardan əvvəl Putin nə İstanbuldakı, nə Alyaskadakı Tramp–Putin görüşlərində, nə də Vitkoffun beş əvvəlki Moskva səfərində nümayiş etdirdiyi sərt tələblərdən geri addım atdığına dair heç bir əlamət göstərməyib. O, yenə də Zelenskini “legitim olmayan lider” adlandıraraq Ukraynanın faktiki təslimiyyətini tələb edən mövqedə qalıb.

Dövlət Dumasının üzvü Pyotr Tolstoy da Politico-ya açıqlamasında bu sərt mövqeni təsdiqləyib: “Rusiyanın təhlükəsizliyini zəiflədəcək heç bir qərar qəbul olunmayacaq. Bu, hamı tərəfindən dəqiq başa düşülməlidir”.

Ekspert Tatiana Stanovayanın Politico-ya dediyinə görə, Putin öz şərtlərini yenidən izah etdiyinə inanır və indi qərarı başqalarının verməsinin vaxtı gəlib: “Putin sülhə hazırdır, amma yalnız öz şərtləri ilə”.

Poliqon.info

Seçilən
44
poliqon.info

1Mənbələr