AZ

Professor: Azərbaycan həm Cənubi Qafqazda, həm də Avrasiyada siyasi təsirini artırır

Bakı, 3 dekabr, Elmir Səftərov, AZƏRTAC

Son illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq həm coğrafi miqyası, həm də iqtisadi-siyasi məzmunu baxımından nəzərəçarpacaq dərəcədə genişlənib. Bu münasibətlər tədricən ənənəvi tərəfdaşlıq çərçivəsini aşaraq çoxşaxəli və sabit regional əməkdaşlıq modelinə çevrilir. İnteqrasiya bir sıra istiqamətlərdə özünü göstərir. Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas halqası kimi Mərkəzi Asiya məhsullarının Avropaya çıxışında tranzit rolunu daha da möhkəmləndirir. Bakı–Tbilisi–Qars dəmir yolunun imkanlarının artırılması, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının genişləndirilməsi, Orta Dəhlizin rəqəmsallaşdırılması və əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması üçün görülən işlər bu istiqamətdə həyata keçirilən əsas strateji addımlardandır. Məhz bu infrastruktur yenilikləri nəticəsində son iki ildə ticarət dövriyyəsinin üç dəfədən çox artması əməkdaşlığın real dinamizmini nümayiş etdirir. Enerji sahəsində tərəfdaşlıq da yeni mərhələyə keçib. Eləcə də, kənd təsərrüfatında əməkdaşlıq daha praktik məzmuna sahib olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Karabük Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Asker söyləyib.

O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə tamhüquqlu iştirakçı statusu əldə etməsi region siyasətində əhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu qərar Azərbaycanın platformanın rəsmi və bərabərhüquqlu üzvü kimi tanınmasını təmin etməklə yanaşı, Mərkəzi Asiya liderlərinin Azərbaycana göstərdiyi yüksək siyasi etimadı da əks etdirir. 2023-cü ildə Düşənbədə keçirilən toplantıda fəxri qonaq kimi iştirak edən Azərbaycan, 2025-ci ildə Daşkənddə təşkil edilən 7-ci Məşvərət Görüşündə artıq tam hüquqlu üzv qismində çıxış edərək “5+1” modelindən “altılıq” formatına keçidin aparıcı iştirakçısına çevrildi.

Professorun fikrincə, yeni status Azərbaycanın fəaliyyətdə rolunu daha da genişləndirir: “Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının müzakirə etdiyi məsələlərdə yalnız tərəfdaş deyil, eyni zamanda, qərarverici proseslərin birbaşa iştirakçısıdır. Tamhüquqlu üzvlük Azərbaycanın regional prioritetləri müəyyənləşdirməsi, yeni təşəbbüslər irəli sürməsi və Mərkəzi Asiya ilə inteqrasiyanı daha da dərinləşdirməsi baxımından əlavə imkanlar yaradır. Bu status Azərbaycanın təsir gücünü təkcə ikitərəfli münasibətlərdə deyil, eləcədə də çoxtərəfli əməkdaşlıq mexanizmlərində də artırır. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları, su ehtiyatları, rəqəmsallaşma və regional sabitlik kimi sahələrdə vahid mexanizmlərin yaradılmasına töhfə verə biləcək mühüm tərəfdaş rolunu oynayır”.

Ali Asker Mərkəzi Asiya ölkələri ilə “altılıq” formatında əməkdaşlığın institusional çərçivəyə keçməsinin Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini nəzərəçarpacaq dərəcədə gücləndirməsinə də diqqət çəkərək deyib: “Yeni reallıq Azərbaycanın regional rolunu yalnız coğrafi üstünlüklərə deyil, eyni zamanda, genişlənən siyasi, iqtisadi və diplomatik təsir imkanlarına söykənərək formalaşdırır. Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Mərkəzi Asiyanı Avropaya birləşdirən geniş Avrasiya məkanının əsas strateji aktorlarından birinə çevrilib”.

Ekspert qeyd edib ki, bir sıra məsələlərdə vahid mövqedən çıxış edilməsi Azərbaycanın həm Cənubi Qafqazda, həm də daha geniş Avrasiya məkanında siyasi təsirini artırır və diplomatik manevr imkanlarını genişləndirir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın mədəni, dil və tarixi bağları isə bu geosiyasi dinamikanın yumşaq güc ölçüsünü formalaşdırır.

“Bütün bu amilləri nəzərə aldıqda demək olar ki, Azərbaycan Cənubi Qafqazdakı rolunu köklü şəkildə transformasiya edib. Azərbaycan bu gün Avrasiyanın enerji xəritəsini, nəqliyyat dəhlizlərini və diplomatik gündəliyini formalaşdıran aparıcı dövlətlərdən birinə çevrilir ki, bu da həm iqtisadi mənfəətlərin artması, həm də siyasi nüfuzun keyfiyyətcə yeni mərhələyə yüksəlməsi ilə müşayiət olunur”, - deyə Ali Asker əlavə edib.

Seçilən
27
azertag.az

1Mənbələr