Bakı, 3 dekabr, Səbinə Əlizadə, AZƏRTAC
Yaşıl enerji və dayanıqlı inkişaf istiqamətində baş verən dəyişikliklər son illər Asiya regionunda iqtisadi, ekoloji və sosial gündəliyin əsas prioritetlərindən birinə çevrilib. Xüsusilə iqlim dəyişmələrinin təsirlərinin dərinləşdiyi, ərzaq təhlükəsizliyi risklərinin artdığı və insan təhlükəsizliyi problemlərinin kəskinləşdiyi bir dövrdə bu sahədə institutlararası əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı tədbirin iştirakçısı, Pekin Texnologiya İnstitutunun sosial elmlər üzrə assistent professoru Rachael M.Rudolph deyib.
Onun sözlərinə görə, yaşıl enerji yalnız ekoloji cəhətdən deyil, həm də regional təhlükəsizlik baxımından strateji mahiyyət kəsb edir.
“İqlim dəyişmələri dünyada bir çox ölkələr üçün ciddi fəsadlar yaradır. Xüsusilə ərzaq çatışmazlığı, su resurslarının azalması və kütləvi sosial risklər kimi insan təhlükəsizliyi problemləri fonunda yaşıl enerji həllərinin tətbiqi həyati əhəmiyyət daşıyır. Əgər biz bu sahəyə daha çox sərmayə və diqqət ayırmasaq, gələcəkdə qlobal cəmiyyətin sabitliyini qorumaq mümkün olmayacaq”, - deyə o bildirib.
Ekspert qeyd edib ki, Cənubi Asiya və Cənub-Qərbi Asiya əməkdaşlıq platformasının yaşıl enerji üzrə təşəbbüsləri bu kontekstdə regionun gələcək inkişaf modelini formalaşdıran vacib mexanizmdir. “Platformanın bu layihədə əsas məqsədi yaşıl transformasiyanı təşviq etmək, ölkələr arasında əməkdaşlığı gücləndirmək və tərəfdaşlıq əlaqələrini genişləndirməkdir. Bu, həm institusional koordinasiyanı artırır, həm də regionun özünün yaşıl gündəliyini irəli aparmasına şərait yaradır”, - deyə Rachael Rudolph diqqətə çatdırıb.
O bildirib ki, hazırda Azərbaycanın Cənubi Asiya və Cənub-Qərbi Asiya əməkdaşlıq platforması çərçivəsində institusionallaşma prosesinə verdiyi töhfələr təşkilatın fəaliyyətinə yeni dinamika gətirib. “Azərbaycanın bu mərhələdə liderliyi Cənubi Asiya və Cənub-Qərbi Asiya əməkdaşlıq platformasının gələcək fəaliyyət trayektoriyasını müəyyənləşdirən əsas amillərdən biridir. Mən bütün ölkələrdə davamlı inkişaf, ekoloji maarifləndirmə və yaşıl iqtisadiyyat üzrə transformasiyanın güclənəcəyini görürəm”, - deyə ekspert vurğulayıb.
Rudolph əlavə edib ki, yaşıl iqtisadiyyatın inkişafında universitetlər, elmi mərkəzlər və akademik birliklər mühüm rol oynayır: “Gənc nəslin qlobal yaşıl iqtisadiyyatın tələblərinə uyğun bacarıqlarla hazırlanması artıq seçim deyil, strateji ehtiyacdır. Universitetlər isə bu prosesin əsas daşıyıcısıdır.
Ekspertin fikrincə, yaşıl enerji üzrə regional əməkdaşlığın genişləndirilməsi yalnız ekoloji məqsədlərə deyil, həm də iqtisadi rəqabət qabiliyyətinin artırılmasına, sosial rifahın möhkəmlənməsinə və geosiyasi sabitliyin qorunmasına xidmət edəcək.