AZ

Kənan İbrahimov: Uşaq İncəsənət Festivalının qalibləri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq- MÜSAHİBƏ

Uşaqların davamlı inkişafı üçün müəssisələrdə fəaliyyətlərə və tədbirlərdə iştiraka cəlb olunması nəzərdə tutulub

Bakı, 3 dekabr, Fidan Əlizadə, AZƏRTAC

Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı (UİF) ölkəmizdə uşaqlar üçün təşkil olunan ən genişmiqyaslı incəsənət yarışmasıdır. İlk dəfə 2023-cü ildə keçirilən festival fərdi və kollektiv nominasiyalar üzrə ümumilikdə 408 qaliblə yekunlaşıb. Bu il isə festival artıq ikinci dəfə həyata keçirilib. Festivalın əsas məqsədi uşaqlarda incəsənətə marağı artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, bədii-estetik zövqü formalaşdırmaq və regionlar arasında mədəni inteqrasiyanı gücləndirməklə onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdir.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Kənan İbrahimov AZƏRTAC-a müsahibəsində festivalla bağlı geniş məlumat verib və yaxın günlərdə qaliblərin mükafatlandırılacağını bildirib.

Onun sözlərinə görə, builki festival mart ayında start götürərək ölkənin müxtəlif şəhər və regionlarında genişmiqyaslı tədbirlər, ustad dərsləri, sərgilər, konsertlər və yaradıcı proqramlarla davam etdirilib. UİF-də 6–17 yaş arası uşaqlar peşəkar və həvəskar kateqoriyalar üzrə, üç yaş qrupu (6–9, 10–13, 14–17) əsasında iştirak ediblər. Qaliblər yerli, regional və respublika mərhələlərindən ibarət üçpilləli seçim sistemi əsasında müəyyən edilib.

Fərdi nominasiyalar rəqs, vokal, klassik və xalq çalğı alətləri, caz və estrada ifaçılığı, rəssamlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, səhnə ifaçılığı və rəqəmsal incəsənət kimi istiqamətləri əhatə edib. Kollektiv nominasiyalar isə milli və müasir rəqs ansamblları, bal rəqsi qrupları, caz ifaçıları və xor kollektivlərindən ibarət olub.

UİF 2025-in proqramı və regional tədbirlər

O söyləyib ki, aprel ayından etibarən Bakı, Lənkəran, Sabirabad, Gəncə, Mingəçevir, Quba, Qazax, Tovuz, Şamaxı və digər şəhərlərdə tanınmış sənətkarların iştirakı ilə musiqi, teatr, rəssamlıq və səhnə ifaçılığı üzrə ustad dərsləri keçirilib. Xalq və Əməkdar artistlərin, eləcə də peşəkar müəllimlərin rəhbərliyi ilə yüzlərlə şagird bu dərslərdə iştirak edib, bilik və bacarıqlarını inkişaf etdirib.

Festivalın regional mərhələləri kütləvi yürüşlər, açıq hava konsertləri, teatr tamaşaları, sərgilər və interaktiv yaradıcılıq zonaları ilə müşayiət olunub. Bu tədbirlər Gəncə, Mingəçevir, Quba, Qazax, Sabirabad, Lənkəran, Şamaxı və digər şəhərlərdə minlərlə uşağın iştirakı ilə rəngarəng mədəni proqramlara çevrilib.

Şuşada keçirilən ilk seçim mərhələsi və UİF guşələri

Mədəniyyət Nazirliyinin nümayəndəsi deyib: “2025-ci il festivalı bir sıra yeniliklərlə yadda qalıb. İlk dəfə olaraq seçim mərhələsi işğaldan azad edilmiş ərazilərdə yaşayan uşaqlar üçün Şuşa şəhərində təşkil edilib. Festival həmçinin “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, “Laçın – MDB ölkələrinin mədəniyyət paytaxtı 2025”, Vaqif Poeziya Günləri kimi ölkənin ən böyük mədəni tədbirlərində xüsusi uşaq zonaları ilə təmsil olunub. Şuşa və Laçında qurulan festival guşələri uşaqlara canlı ifalar, rəsm, oyun və müxtəlif yaradıcılıq fəaliyyətləri ilə zəngin unudulmaz təcrübələr yaşadıb. Bundan başqa, UİF-2023 qalibləri və UİF-2025 iştirakçıları Mədəniyyət Nazirliyinin bir çox tədbirlərində səhnə alaraq mədəni layihələrdə fəal iştirak ediblər”.

Festivalın nəticələri

Kənan İbrahimov diqqətə çatdırıb ki, 2025-ci ilin ilk yarısında Uşaq İncəsənət Festivalı ölkənin bütün şəhər və rayonlarında minlərlə uşağı əhatə edərək onların yaradıcılıq potensialının inkişafına, incəsənətə maraqlarının artmasına və mənalı asudə vaxtlarının təşkilinə mühüm töhfə verib: “Festivalda 24 nominasiya üzrə 500-ə yaxın qalib müəyyən olunub. Qaliblər yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Həmçinin qaliblərin iştirakı ilə mükafatlandırma mərasiminin təşkili, onların mədəniyyət müəssisələrində fəaliyyətə cəlb olunması və mütəmadi tədbirlərdə iştirakı nəzərdə tutulub”.

Seçilən
51
1
azertag.az

2Mənbələr