AZ

Ağıllı radarlar şəhərdaxili yollarda quraşdırıla bilər?

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb. Belə ki, bundan sonra sürücülər, yolun yalnız radar olan hissəsində sürət həddini endirməklə məsuliyyətdən xilas ola bilməyəcəklər. Həmin ağıllı radarlar bütün istiqamət boyu avtomobilləri təqib edərək qanun pozuntusunu aşkar edə biləcək.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, ağıllı radarlar birbaşa sürəti ölçmür:

 

“Müxtəlif məsafələr üzrə kameralar quraşdırılır, avtomobil kameranın qarşısından keçdikdə və digər kameraya çatan zaman vaxtı ölçür, ara məsafəsi və vaxta görə orta sürəti təyin edir. Ağıllı radarlar yüksək sürətin qarşısını almaqda mühüm rol oynayır. Çünki bəzi sürücülər radar olan yerdə sürəti aşağı salır, keçdikdən  sonra sürəti artırır və ciddi qayda pozuntuları baş verir. Əsas da ödənişli yolda avtomobilin sürət həddi nəyə qadirdirsə, o sürətlə hərəkət edirlər. Həmin yolda sürət həddinin artırılması məsləhətdir. Çünki oranın parametləri imkan verir ki, sürət həddi artırılsın. Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Sürətin o yol üçün artırılması qanunla həll olunsa, daha yaxşı olar”.

 

Ekspert ağıllı radarların şəhərdaxili yollarda da quraşdırılmasına ehtiyac görmür: “Şəhərdaxili yollarda adətən sürət çox olmur. Şəhər onsuzda tıxacdır. Belə bir yer əvvəllər Ziya Bünyadov, Heydər Əliyev prospektində var idi. Həmin ərazilərdə də qısa məsafələr olmaq üzrə radarlar quraşdırılıb. “Şəhərdaxili yollarda ağıllı radarların quraşdırılması effektiv olmaz” deyə düşünürəm”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Dekabr 2025, 14:04   
Seçilən
73
pravda.az

1Mənbələr