Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
“13 yaşlı qızın müəmmalı ölümü gündəmə bomba kimi düşüb. Bu, hər bir valideyndə qorxu və narahatlıq yaradıb”.Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Leyli Əli deyib.Onun sözlərinə görə, hadisə yeniyetməlik dövrünün psixoloji həssaslığını və internetin nəzarətsiz istifadəsinin yaratdığı təhlükələri açıq şəkildə göstərir:“12–14 yaş arası yeniyetmələrdə emosional beyin daha aktiv, rasional düşünmə və riskləri qiymətləndirmə mexanizmləri isə hələ zəif olur. Bu səbəbdən uşaqlar qorxulu, mistik və ekstremal məzmunlara daha tez bağlanır, onların təsiri altında qalırlar. “Mavi balina” kimi manipulyativ və ölümə aparan oyunlar məhz bu yaş qrupunun zəif tərəflərindən istifadə edir. Yeniyetmənin gecələr gizli şəkildə qorxulu videolara baxması, cin və mistik mövzulara yönəlməsi, dəftərində qorxulu fiqurlar çəkməsi onun psixikasında ciddi gərginlik, qorxu və vəsvəsələrin formalaşdığını göstərən güclü siqnallardır.Bu cür kontentə davamlı məruz qalmaq uşaqda təşviş, panik reaksiyalar, obsesiv qorxular, özünəqapılma və reallıqdan uzaqlaşma kimi psixoloji pozuntular yarada bilər”. Psixoloq bildirib ki, belə vəziyyətlər uşağı daha asan manipulyasiya olunan hala gətirir və təhlükəli oyunların təsirinə düşmək riskini artırır:“Valideynlərin diqqət etməli olduğu əsas məqamlar var. Telefonun gecələr uşağın yanında qalması çox təhlükəlidir, çünki bu saatlarda emosional həssaslıq artır. Uşağın internetdə izlədiyi videolara, maraqlandığı mövzulara, sosial media davranışına mütəmadi nəzarət etmək vacibdir. Qorxu, mistika, ölüm mövzularına həddindən artıq maraq göstərilməsi uşağın psixoloji yardım ehtiyacına işarə ola bilər. Ailə ilə uşaq arasında güclü emosional bağın olmaması isə onu internet aləminə daha asan yönəldir. Bu faciə, əslində, bütün valideynlər üçün ciddi xəbərdarlıqdır.
Nəzarətsiz internet istifadəçisi olan hər bir yeniyetmə təhlükəli kontentə və manipulyativ oyunlara məruz qalma riski daşıyır. Uşaqlar bu dövrdə özlərini daha çox təklikdə hiss etdikləri üçün internet onların emosional boşluğunu doldurmağa başlayır və nəticələr bəzən çox ağır olur”.Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.